“Qarabağ və Şərqi Zəngəzurda sərmayə imkanları” layihəsi davam edir
“Qarabağın Tərəqqi Naminə” İctimai Birliyi “Qarabağ və Şərqi Zəngəzurda sərmayə imkanları” layihəsinin icrasını davam etdirir.
Layihə çərçivəsində mentorluq görüşlərinin keçirilməsinə başlanılıb. Oktyabrın 5-6-da “Karabakh GreenTech” hakatonun ilk mərhələləri “Innoland” İnkubasiya və Akselerasiya Mərkəzində keçirilib.
İctimai Birliyin sədri Şəbnəm Səfərova bildirib ki, layihənin məqsədi “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” sənədi əsasında həyata keçiriləcək tədbirlərə dəstək olmaq, işğaldan azad edilmiş bölgələrdə biznes subyektlərini inkişaf perspektivləri, investisiya imkanları, vergi güzəştləri, yaşıl sahibkarlıq, texnologiya transferi, eləcə də digər mövzular ətrafında sosial maarifləndirilmənin həyata keçirməkdir.
Hakatona ümumilikdə 96 komandadan 300-dən çox gənc müraciət edib. Onlardan 17 komanda olmaqla ümumilikdə 65-dən çox gənc hakatonda iştirak hüququ qazanıb.
Hakatonun ilk mərhələsində 14 komanda iştirak edərək ideyalarını təqdim edib. İdeyalar yaşıl texnologiyalar, aqrar texnologiyalar, alternativ enerji mənbələrinin səmərəliliyini artıra biləcək texnoloji həllər, minaların təmizlənməsi ilə eyni zamanda ərazinin əkinə yararlı hala gətirilməsi üçün texnoloji həllər kimi sahələri əhatə edib.
İlk mərhələdə iştirak edən komandalardan səkkizi növbəti mərhələyə vəsiqə qazanıb.
Qeyd edək ki, hakaton üzrə 3 ideya qalib elan ediləcək və COP29 konfransı çərçivəsində “Yaşıl Zona”da nümayişi planlaşdırılır. Qaliblərə COP29 konfransınadək biznes inkişafı üçün mentorluq və "co-working" istiqamətində də dəstək göstəriləcək.
Layihənin donoru Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyidir.