"Qərbi Azərbaycanın Şirin inciləri" kitabının təqdimatı keçirilib
Azərbaycan Milli Kulinariya Assosiasiyasının icra etdiyi "Qərbi Azərbaycanın Şirin inciləri" layihəsi davam edir.
Layihə çərçivəsində oktyabrın 12-də “Xanədan” etno-restoranında “Qərbi Azərbaycanın Şirin inciləri” kitabının təqdimatı keçirilib.
İctimai Birliyin sədri Tahir Əmiraslanov bildirib ki, kitab Qərbi Azərbaycan ərazisində yüzilliklər boyu formalaşan və ermənilər tərəfindən özününküləşdirilən ənənəvi şirniyyatların düsturların bərpasını və tarixi-etnoqrafik tədqiqatını əhatə edir.
Kitabda Qərbi Azərbaycan mətbəxinə aid bərpa edilmiş ənənəvi şirniyyat düsturları ilk dəfə geniş şəkildə təqdim olunur. Sucuq, alana, İrəvan kətəsi, saray paxlavası, adi paxlava, xurma südü, göyçə badamburası, cilov kimi şirniyyatlar bu mətbəxin inciləri olaraq ilk dəfə oxuculara nəfis şəkildə təqdim edilib. Kitabın üz qabığında isə ermənilərin özününküləşdirməyə çalışdığı bu şirniyyatların rəsmləri, sonda isə "Kəvər" adlı toponimdən götürülmüş paxlavanın təsviri əks olunub.
Kitabda geniş mövzulara toxunulub: unlu və qənnadı məmulatlarından başlayaraq, meyvə quruları, mürəbbələr, şəkərləmələr və içkilərə qədər müxtəlif şirniyyatlar ətraflı şəkildə təsvir olunub. Həmçinin, kitabın sonunda 58 ədəd ədəbiyyat siyahısı və bu sahə ilə bağlı məlumatlar verən 63 respondent haqqında məlumat yer alır.
Kitab iki dildə – Azərbaycan və İngilis dillərində nəşr edilib, 220 səhifədən ibarətdir.
Layihənin donoru Qeyri-Hökumət Təşkilatları Dövlət Dəstəyi Agentliyidir.