ŞRİFTİN ÖLÇÜSÜ

AAA

ŞRİFTİN NÖVÜ

San-Serif

Serif

ŞƏKİLLƏRİN TƏSVİRİ

“Qarabağ İtkin Ailələri” İctimai Birliyi bir qrup itkin ailəsinin azad edilmiş ərazilərə səfərini təşkil edib
14 OKTYABR 2024 - 14:00

13 oktyabr 2024-cü ildə “Qarabağ İtkin Ailələri” İctimai Birliyinin təşkilatçılığı, QHT-lərə Dövlət Dəstəyi Agentliyinin tərəfdaşlığı ilə bir qrup itkin ailələrinin nümayəndələrinin azad edilmiş ərazilərə səfəri olub. Səfər çərçivəsində itkin ailələri Ağdamda, Xocalıda, Xankəndində, Şuşada olublar. 
“Qarabağ İtkin Ailələri” İctimai Birliyinin sədri Könül Behbudova qeyd edib ki, itkin düşmüş şəxslərin faciəsi Ermənistanın Azərbaycana qarşı təcavüzünün ağır nəticələrindən biridir. I Qarabağ müharibəsi nəticəsində 30 ildən artıqdır ki, 4000-dək azərbaycanlı itkin düşmüş şəxs hesab olunur. Onların arasında mülki şəxslər, o cümlədən uşaqlar və qadınlar da var. 2020-ci il Vətən müharibəsində isə 6 nəfər azərbaycanlı itkin düşüb.
Səfər çərçivəsində itkin ailələri BMT, Beynəlxalq Qırmızı Xaç Komitəsi və digər beynəlxalq təsisatlar tərəfindən azərbaycanlı itkinlərlərin taleyinin müəyyən edilməsi ilə əlaqədar yetərli addımların atılmadığını, Ermənistandan bu məlumatların ciddi şəkildə tələb edilmədiyini bildiriblər. Azərbaycana qarşı müharibə cinayətləri törətmiş şəxslərdən heç biri Ermənistanda bu günə qədər məsuliyyətə cəlb olunmayıb, əksinə onlar qəhrəmanlaşdırılıb. İtkin ailələri bildirib ki, Ermənistan həqiqətən Azərbaycanla sülhə nail olmaq istəyirsə, əsir və girov götürülmüş azərbaycanlılara münasibətdə törədilmiş vəhşilikləri qətiyyətlə pisləməli və günahkarları cəzalandırmalıdır. 
İtkin ailələri itkinlər probleminin qlobal mahiyyətini nəzərə alaraq, BMT-nin itkin düşmüş şəxslərlə bağlı xüsusi məruzəçisi təsisatının yaradılmasına böyük ehtiyac olduğunu qeyd ediblər. 
Onlar itkinlərin taleyinə aydınlıq gətirilməsi üçün Azərbaycan dövlətinin fəaliyyətini yüksək qiymətləndirib, son vaxtlar aşkarlanan kütləvi məzarlıqlarda 155 nəfər itkinin qalıqlarının aşkarlandığını vurğulayıblar.
Qeyd edək ki, 2024-cü il il oktyabrın 1-də Prezident İlham Əliyev “İtkin düşmüş şəxslər probleminin həlli: ailələrin həqiqəti bilmək hüququnun müdafiəsi” mövzusunda beynəlxalq konfransın iştirakçılarına müraciətində azərbaycanlı itkin ailələrinin müraciətlərinə beynəlxalq təşkilatların etinasız münasibətini kəskin şəkildə pisləyib: “Bu günədək dövlət qurumlarımız, itkin düşmüş şəxslərin doğmaları, vətəndaş cəmiyyəti nümayəndələri tərəfindən müxtəlif beynəlxalq təşkilatlara dəfələrlə müraciətlər edilsə də, əfsuslar olsun ki, bu məsələdə də ikili standartlarla üzləşirik. Aidiyyəti beynəlxalq qurumlar bu müraciətlərə səssiz qalmamalı və qətiyyətli addımlar atmalıdır”.

Vətəndaşların Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi rəhbərliyinin və digər vəzifəli şəxslərinin qəbuluna onlayn yazılması

Qəbula yazıl