2026-cı il noyabrın 14-də əsərləri dövlət varidatı elan edilmiş görkəmli Azərbaycan şairi Mirzə Ələkbər Sabirin vəfatının 115-ci ildönümünə həsr olunmuş “Sabirin sözü, zamanın gözü” adlı kitabın təqdimat mərasimi və eyniadlı sərginin açılışı keçirilib.
Mirzə Ələkbər Sabir Fondunun rəhbəri, şairin nəvəsi Sevda Tahirli bildirib ki, “Sabirin sözü, zamanın gözü” kitabında 1906-cı ildən bu günə qədər müxtəlif illərdə tanınmış rəssamlar tərəfindən Mirzə Ələkbər Sabirin şeirlərinə çəkilmiş illüstrasiyalar, qrafik əsərlər və digər vizual materiallar bir araya gətirilib. Uzun illər ərzində müxtəlif kitabların səhifələrində, dövri mətbuatda pərakəndə şəkildə qorunub saxlanılan, yaxud ayrı-ayrı nəşrlərdə yalnız qismən təqdim olunan bu bədii irs ilk dəfə sistemli şəkildə toplanaraq ümumiləşdirilib. Bundan başqa Sabirin şeirlərinə yeni baxışı əks etdirən müasir karikaturalar da çəkilib. Nəşr yalnız Sabirin yaradıcılığını deyil, həm də müxtəlif nəsil Azərbaycan rəssamlarının onun poeziyasına münasibətini, şairin əsərlərindəki ictimai motivlərin və satirik düşüncənin təsviri sənətdə təcəssümünü izləmək baxımından mühüm əhəmiyyət daşıyır.
Kitabın yeniliklərindən biri də ilk dəfə olaraq Sabir irsinə qadın rəssamın – karikatura, miniatür sənəti və kitab tərtibatı sahəsində fəaliyyət göstərən Vəfa Allahyarovanın illüstrasiyalarının da daxil edilməsidir.
Kitabın təqdimatı ilə yanaşı, nəşrdə yer alan illüstrasiya və qrafik əsərlərdən ibarət eyniadlı sərgi də nümayiş olunub.
Xətai Sənət Mərkəzində keçilən tədbirdə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının sədri, professor Fuad Məmmədov, Xalq rəssamı Arif Hüseynov, AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun elmi katibi, filologiya üzrə fəlsəfə doktoru, dosent Aygün Bağırlı, Azərbaycan Yazıçılar Birliyinin Həmkarlar təşkilatının sədri, kitabın redaktoru, şair Faiq Balabəyli, ədəbiyyatşünas-alim, filologiya üzrə fəlsəfə doktoru, Bakı Avrasiya Universitetinin dosenti Seyfəddin Altaylı, kitabda əsərləri yer alan xanım rəssam Vəfa Allahyarova çıxışlarında layihənin əhəmiyyətini, əldə olunan nəticələri diqqətə çatdırıblar. Mirzə Ələkbər Sabirin Azərbaycan ədəbiyyatı və ictimai fikir tarixindəki müstəsna rolundan bəhs olunub. Qeyd olunub ki, şairin yaradıcılığı öz dövrünün ictimai-sosial problemlərini əks etdirməklə yanaşı, bu gün cəmiyyəti düşünməyə,maariflənməyə və milli-mənəvi dəyərlərə sahib çıxmağa çağırır.
Layihənin donoru Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyidir.











































