“İstedadları Tanıyaq və Tanıdaq” İctimai Birliyi “İstedadlar Akademiyası” layihəsinin icrasını başa çatdırıb.
2026-cı il iyulun 25-də Azərbaycan Milli Qeyri-Hökümət Təşkilatları Forumun akt zalında layihə çərçivəsində yekun hesabat konserti və sərgi təşkil olunub. İctimai Birliyin sədri Vüsalə Qələndərli bildirib ki, layihənin məqsədi uşaq və gənclərin yaradıcılıq potesialını üzə çıxarmaq, onların peşəkar inkişafına dəstək olmaq və milli-mədəni irsimizi gələcək nəsillərə ötürməkdir.
Tədbirdə istedadlı uşaq və gənclərin ifasında musiqi və rəqslər, səhnə çıxışları təqdim olunub, əl işlərindən və rəsmlərindən ibarət sərgi təşkil edilib. Sonda ustad dərslərində fəal iştirak edən müəllimlər və tələbələr diplomla təltif ediliblər.
Qeyd edək ki, layihə çərçivəsində iyun-iyul aylarında Bakı və Gədəbəydə xanəndəlik, ifaçılıq, rəssamlıq, rəqs, qiraətçilik, aşıq yaradıcılığı, instrumental musiqi alətlərində ifaçılıq üzrə 7 ustad dərsi keçirilib.
Layihənin donoru QHT-lərə Dövlət Dəstəyi Agentliyidir.


















































