“Cəfər Cabbarlı adına Mədəniyyət, Elm və Təhsilin İnkişafına Yardım” İctimai Birliyi “Cəfər Cabbarlı müasirimizdir” layihəsinin icrasını davam edir.
2026-cı il iyunun 23-də layihə çərçivəsində dahi dramaturq Cəfər Cabbarlının doğulduğu Xızı şəhərində “Cəfər Cabbarlı günü” qeyd edilib. Tədirdə tanınmış elm, mədəniyyət və incəsənət xadimləri ilə yanaşı, Xızı ictimaiyyətinin nümayəndələri, məktəblilər və tələbələr iştirak ediblər. İctimai Birliyin sədri Qəmər Bağırova bildirib ki, layihənin məqsədi Cəfər Cabbarlının zəngin ədəbi irsinin təbliği, onun yaradıcılığının gənc nəslə daha yaxından tanıdılması və dramaturqun Azərbaycan mədəniyyətindəki mühüm yerinin ictimaiyyətə çatdırılmasıdır.
Tədbirdə görkəmli sənətkarın həyat və yaradıcılığına dair məruzələr dinlənilib, onun Azərbaycan ədəbiyyatı və teatr sənətinin inkişafındakı xidmətlərindən bəhs edilib. Sonda tanınmış incəsənət xadimlərinin iştirakı ilə Cəfər Cabbarlının yaradıcılığına həsr olunmuş bədii proqram təqdim edilib. Proqramda ədibin sözlərinə bəstələnmiş mahnıları ifa olunub, poeziyasından nümunələr səsləndirib.
Layihə çərçivəsində həmçinin “Cəfər Cabbarlı yaradıcılığı” və “Şekspir dramaturgiyası Cəfər Cabbarlı tərcüməsində” adlı kitablar nəşrə hazırlanır.
Layihənin donoru QHT-lərə Dövlət Dəstəyi Agentliyidir.








































