Azərbaycanda Minadan Zərərçəkənlərin Assosiasiyası “Təhlükəsiz qayıdış: mina təhlükəsi ilə mübarizəyə dəstək” layihəsinin icrasına başlayıb. İctimai Birliyin sədri Rey Kərimoğlu bildirib ki, layihənin məqsədi əhalinin işğaldan azad edilmiş əraziyə təhlükəsiz qayıdışını təmin etməyə dəstək verməkdir. O, bildirib ki, layihə çərçivəsində I Qarabağ müharibəsi zamanı mina partlayışı nəticəsində zərərçəkmiş sağ şəxslər hadisənin baş verdiyi ərazilərə aparılacaq, insident yerlərinin koordinatları qeydə alınacaq və əldə olunan məlumatlar əsasında hesabat hazırlanacaq. Bu hesabat ANAMA-ya təqdim ediləcək.
Layihə Ağdam, Ağdərə və Tərtərdə icra ediləcək.
Qeyd edək ki, İctimai Birlik tərəfindən QHT Agentliyinin donorluğu ilə 2024-2025-ci illərdə 19 şəhər və rayonda minadan zərərçəkənlərlə (beynəlxalq forma olan İMİSMA agentləri ilə) sorğular keçirilib. 1360 minadanzərərçəkənin mina hadisəsi, onların ehtiyacları öyrənilib.
Azərbaycanda Minadan Zərərçəkənlərin Assosiasiyasının “Təhlükəsiz qayıdış: mina təhlükəsi ilə mübarizəyə dəstək” layihəsi 2026-cı il üzrə QHT Agentliyinin və Qarabağ Dirçəliş Fondunun birgə elan etdiyi qrant müsabiqəsinin qalibidir.