“Mirvarid Dilbazi Poeziya Məclisi” İctimai Birliyi “Vətənimdir Azərbaycan!” layihəsinin icrasını başa çatdırıb.
2026-cı il iyunun 3-də Sabirabad, iyunun 18-də Şamaxı rayonları, iyunun 20-də isə Bakıda silsilə maarifləndirici və mədəni tədbirlər təşkil olunub.
İctimai Birliyin sədri Güllü Tomarlı bildirib ki, layihənin məqsədi Azərbaycan milli geyimlərinin, xüsusilə milli baş örtüyümüz olan kəlağayının tarixinin, hazırlanma texnologiyasının və mədəni əhəmiyyətinin geniş ictimaiyyətə çatdırılması, bu unikal irsin qorunması və təbliği, eyni zamanda gənc nəsildə milli-mənəvi dəyərlərə hörmət və marağın gücləndirilməsidir.
Tədbirlərdə iştirakçılar Azərbaycan milli geyimlərinin və qədim kəlağayı nümunələrinin nümayiş olunduğu sərgi ilə tanış olublar. Sərgidə xalqımızın zəngin milli geyim mədəniyyətini əks etdirən eksponatlar nümayiş etdirilib, onların tarixi, bədii-estetik xüsusiyyətləri, hazırlanma ənənələri və daşıdığı mənəvi dəyərlər haqqında ətraflı məlumat verilib. Eyni zamanda, layihə çərçivəsində hazırlanmış rəqəmsal kataloq təqdim edilərək milli geyimlərimiz və kəlağayı sənəti barədə geniş məlumat iştirakçıların diqqətinə çatdırılıb.
Tədbirlərdə çıxış edənlər kəlağayının Azərbaycan xalqının əsrlər boyu formalaşmış milli kimliyini, adət-ənənələrini, mənəvi dəyərlərini və estetik zövqünü özündə yaşadan zəngin mədəni irs nümunəsi olduğunu vurğulayıblar. Bildirilib ki, bu nadir sənət nümunəsinin qorunması, öyrənilməsi və gələcək nəsillərə çatdırılması hər birimizin mənəvi borcudur.
Layihə çərçivəsində keçirilən tədbirlərdə, həmçinin aşıq musiqiləri, xalq mahnıları səsləndirilib, şairlərin ifasında kəlağayı və Vətən mövzusunda şeirlər təqdim olunub.
Layihənin donoru QHT-lərə Dövlət Dəstəyi Agentliyidir.