“Borçalı” İctimai Birliyi “Soydaşlarımız və Qarabağ” layihəsinin icrasını yekunlaşdırıb. 2026-cı il avqustun 8-də Gürcüstanın Marneuli şəhərində - Gürcüstan Azərbaycanlıları Konqresində layihə çərçivəsində nəşr edilən “Azərbaycan-Gürcüstan dostluğu: soydaşlarımız və Qarabağ (1990-2026)” adlı kitabın təqdimat mərasimi keçirilib.
İctimai Birliyin sədri Dəyanət Osmanlı bildirib ki, layihənin məqsədi çağdaş Azərbaycan-Gürcüstan dostluq münasibətlərinin daha da möhkəmlənməsinə ictimai dəstək verməkdir.
Tədbirdə çıxışçılar Vətən uğrunda mübarizədə şücaət göstərmiş soydaşlarımızın daim diqqətdə saxlanılmasının, onların döyüş yolu haqqında yeni kitabların nəşr olunmasının vacibliyindən və bu nəşrlərin gənc nəslin vətənpərvərlik ruhunda yetişməsindəki rolundan söhbət açıblar.
Qeyd edək ki, kitabda Azərbaycanın müstəqilliyi uğrunda aparılan mübarizədə, eləcə də torpaqlarımızın erməni işğalından azad edilməsi uğrunda gedən döyüşlərdə iştirak etmiş borçalı əsilli soydaşlarımızın – şəhid və qazilərimizin həyat və döyüş yolundan, onların I və II Qarabağ müharibələrində göstərdikləri qəhrəmanlıqlarından bəhs olunub, vətənpərvərlik nümunələri təqdim edilib.
Layihənin donoru Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyidir.