“Azərbaycan Jurnalistlər Şəbəkəsi” İctimai Birliyi “Qarabağ və Şərqi Zəngəzurda yenidənqurma və gələcəyin şəhərləri” layihəsini icra edir. Layihə çərçivəsində
Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işlərinə həsr olunmuş yeni sənədli filmin çəkilişlərinə başlanıb. İctimai Birliyin sədri Ayaz Mirzəyev bildirib ki, layihənin məqsədi Azərbaycanın qələbə və dirçəliş rəmzinə çevrilən bu torpaqları həm milli iftixar simvolu, həm də post-konflikt ərazilərinin yenidən qurulmasında dünyaya nümunəvi model kimi təqdim etməkdir.
Filmdə “Böyük Qayıdışa dair I Dövlət Proqramı”na uyğun olaraq qısa müddətdə bərpa olunan yaşayış məntəqələri, doğma ocaqlarına qayıdan sakinlərin həyatı və aparılan quruculuq işləri real insan hekayələri üzərindən işıqlandırılır.
Çəkilişlər artıq Ağdam, Şuşa, Xankəndi, Xocalı, Füzuli, Cəbrayıl, Zəngilan və Laçın şəhərlərində aparılıb. Filmdə yerli sakinlərin təəssüratları ilə yanaşı, müasir memarlıq üslubunda salınan və insan yönümlü prinsiplərə söykənən yeni yaşayış məntəqələri nümayiş olunacaq.
Bununla yanaşı, ekran əsərində ölkəmizin iqlim dəyişmələri və şəhərsalma üzrə qlobal çağırışlara inteqrasiyası, azad olunmuş ərazilərdə tətbiq edilən innovativ yanaşmalar və “yaşıl enerji” zonalarının yaradılmasına xüsusi diqqət yetirilir.
Layihənin donoru QHT-lərə Dövlət Dəstəyi Agentliyidir.




















