“Tuqay meşələrinin karbontutma potensialının qiymətləndirilməsi” mövzusunda təqdimat keçirilib
2024-cü il noyabrın 21-də COP29-da Yaşıl Zonada yerləşən Milli QHT Forumu Pavilyonunda “Regional İnkişaf” İctimai Birliyi tərəfindən icra olunan “Tuqay meşələrinin karbontutma potensialının qiymətləndirilməsi, meşə ekosisteminin bərpası” layihəsi çərçivəsində Azərbaycanın Kür və Araz çaylarının subasarında yerləşən Tuqay meşələrinin karbon dinamikasının qiymətləndirilməsi mövzusunda təqdimat keçirilib.
Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Elm və Təhsil Nazirliyinin Botanika İnstitutu, Bakı Dövlət Universiteti və Aviasiya Akademiyasının mütəxəssislərinin, eləcə də layihənin tərəfdaşı olan Qana Respublikasının “Abibiman Foundation” qeyri-hökumət təşkilatının nümayəndələrinin qatıldığı tədbirdə iştirakçıları salamlayan “Regional İnkişaf” İctimai Birliyinin layihə rəhbəri Gülbağda Leysanova layihənin məqsədi, fəaliyyətləri haqqında ətraflı məlumat verib, ölkəmizdə biomüxtəliyin qorunmasına yönəlmiş fəaliyyətin əhəmiyyətinə diqqət çəkib.
Daha sonra Ekologiya və Təbii sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin Meşəbərpa şöbəsinin müdiri Vahid Fərzəliyev və Bakı Dövlət Universitetinin Biologiya fakültəsinin dekan müavini Yusif Abiyev Tuqay meşələrinin biomüxtəlifliyin qorunması və inkişafı, eləcə də atmosferdə karbon emissiyasının azaldılması rolundan ətraflı bəhs ediblər. Qeyd olunub ki, Tuqay meşələrində ağacların cins tərkibi əhəmiyyətli dərəcədə dəyişib, meşə ekosisteminin bərpası və karbon dinamikasının qiymətləndirilməsi aktuallıq kəsb edir. Layihə çərçivəsində sahə tədqiqatları barədə də ətraflı məlumat verilib.
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı təşkilatının nümayəndəsi Cuma Uykun “Meşələrdə biokütlə və karbon hesablanması metodologiyası: anlayışlar, problemlər və həllər” mövzusunda təqdimat edib.
Sonra layihə çərçivəsində Hacıqabul rayonu ərazisində Tuqay meşə ekosisteminin bərpasına yönəlmiş ağacəkmə aksiyasından bəhs edən videoçarx nümayiş olunub.
Qeyd edək ki, təqdim edilən layihə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin birgə təşkilatçılığı ilə QHT-lər üçün həyata keçirilən “COP29-la bağlı beynəlxalq təşəbbüslər” müsabiqəsi çərçivəsində icra olunur.