"GreenTech" Hakatonunun qaliblərinin layihələri təqdim olunub
"Qarabağın Tərəqqisi Naminə" İctimai Birliyinin "Tech Karabakh" platforması Qarabağın ekosisteminin bərpası və davamlı inkişafın təşviqi məqsədilə keçirilən "GreenTech" Hakatonu başa çatıb.
Layihə çərçivəsində 2024-cü il noyabrın 21-də COP29 çərçivəsində Yaşıl Zonada yerləşən Milli QHT Forumu Pavilyonunda hakaton qalibləri layihələrini nümayiş etdiriblər.
Qalib layihələr "çirklənmiş torpaqların təmizlənməsi və ekosistemin bərpası üçün innovativ texnologiyalar", "Kənd təsərrüfatında dayanıqlı su istifadəsini təşviq edən ağıllı suvarma sistemi", "Qarabağ ərazilərinin yaşıl örtüyünün bərpasına yönəlmiş ekoloji həll" mövzularını əhatə edir və Qarabağın ekosistemini bərpa etmək üçün davamlı fəaliyyətlər həyata keçirməyi, yerli icmaları ətraf mühitin qorunmasında iştirak etməyə həvəsləndirməyi, gələcək nəsillər üçün yaşıl və sağlam mühit formalaşdırmağı hədəfləyir.
Sonda layihələr barədə suallar cavablandırılıb.