Agentlikdə "Uşaq Hüquqları Aylığı" çərçivəsində tədbir keçirilib.
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyində Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) təşəbbüsü ilə elan olunmuş “Uşaq Hüquqları Aylığı” çərçivəsində tədbir keçirilib.
Tədbirdə Agentliyin Müşahidə Şurasının üzvü Günel Səfərova, Agentliyin əməkdaşı Fuad Rzazadə, uşaq və gənclərlə işləyən qeyri-hökumət təşkilatları, media nümayəndələri iştirak ediblər.
Tədbirə açılış nitqi ilə başlayan Agentliyin Müşahidə Şurasının üzvü Günel Səfərova uşaq hüquqları sahəsində qəbul olunmuş qanunlar, konvensiyalar, dövlətimiz tərəfindən uşaqların hüquqlarının qorunması istiqamətində həyata keçirilən mühüm tədbirlərdən, milli xüsusiyyətlərin yad təsirlərə məruz qaldığı qloballaşan əsrdə uşaqların milli dəyərlər əsasında düzgün tərbiyə olunması və sağlam mühitdə yetişməsinin əhəmiyyəti barədə ətraflı məlumat verib. G.Səfərova bildirib ki, BMT tərəfindən qəbul edilmiş bu saziş dünyanın hər bir yerində yaşayan uşaqlara konvensiya ilə müəyyən edilmiş hüquqları təmin edir. Konvensiya uşaqların yaşaması və inkişafı üçün zəruri olan minimum standartları müəyyən edir. Uşaq Hüquqları Konvensiyasının 54 maddəsinin hər birində ayrı-ayrı hüquqlardan danışılır. Burada inkişaf hüquqları, müdafiə hüquqları, iştirak hüquqları, yaşamaq hüquqları əhatə olunur.
Tədbirdə çıxış edən qeyri-hökumət təşkilatlarının rəhbərləri – Vüsalə Hüseynli, Nailə İsmayılova, Könül Quliyeva, Tünzalə Cavadova, Aynur Zülfüqarova, Məlahət Abbasova, Nuriyyə Abbasova, Ülkər Abdullayeva, Cəsarət Hüseynzadə, Kəmalə Aşumova, Gülayə Səfərova, Zemfira Mustafayeva, Aidə Səfərova, Vüsalə Əliyeva, Xalid Kazımov, Xanım Əhmədzadə, Fərhad Abdulov, Cəmilə Abdulova və Yeganə Mirzəyeva Respublikamızda “Uşaq Hüquqları aylığı” elan edildiyini, aylığın keçirilməsində məqsədin uşaqlara diqqətin artırılması, uşaq hüquqlarının qorunması olduğunu, ölkəmizdə sosial sahədə həyata keçirilən dövlət siyasətinin prioritet istiqamətlərindən birinin uşaqların hüquqlarının təmin edilməsi, uşaq problemlərinin ardıcıl həlli olduğunu bildiriblər.
Çıxışlardan sonra tədbir qarşılıqlı diskussiya şəkilində davam edib.