QHT-lər Fransa Senatının qətnaməsi ilə bağlı Bəyanat qəbul ediblər.
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyində QHT-lər Fransa Senatının qətnaməsi ilə bağlı Bəyanat qəbul ediblər.
Bəyanatın qəbul edilməsi ilə bağlı təşkil edilən tədbirdə Agentliyin Müşahidə Şurasının üzvü İsrayıl İsgəndərov, qeyri-hökumət təşkilatları və media nümayəndələri iştirak ediblər.
Tədbiri açılış nitqi ilə başlayan Agentliyin Müşahidə Şurasının üzvü İsrayıl İsgəndərov bildirib ki, Fransa Respublikası Senatının və Milli Assambleyasının, eləcə də bu ölkənin bir sıra siyasi dairələrinin uzun illər davam edən və son dövrdə daha da kəskinləşən açıq irqçi, azərbaycanofob, türkofob və islamofob fəaliyyətinə, ümumiyyətlə, Fransanın beynəlxalq hüquq normalarına və prinsiplərinə açıq hörmətsizlik nümayiş etdirərək Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə qarşı qərəzli və ədalətsiz addımlarının intensivləşməsinə etiraz olaraq Azərbaycan qeyri-hökumət təşkilatları bu gün bəyanat səsləndirəcəklər. İ.İsgəndərov bildirib ki, Fransada fəaliyyət göstərən radikal erməni qruplarının dəfələrlə Azərbaycanın Parisdəki Səfirliyinə qarşı özündə vandalizm və terror elementlərini ehtiva edən cinayət əməlləri törətməsi və Fransa tərəfinin bunun qarşısını almaq üçün heç bir tədbir görməməsi onun erməni vandalizmini himayə etdiyini, Azərbaycana qarşı açıq diskriminasiyaya yol verdiyini bir daha sübut edir.
Konfransda çıxış edən qeyri-hökumət təşkilatlarının rəhbərləri bildiriblər ki, Fransa Senatı və Milli Assambleyası Fransa vətəndaşlarının fundamental hüquq və azadlıqlarının təmin edilməsi istiqamətində apardıqları mübarizənin qarşısının alınmasında hökumət tərəfindən törədilən qeyri-qanuni əməllərə səssiz qalır. Fransa parlamentarilərini öz Hökumətini ölkədə artmaqda davam edən irqçi, antisemit, türkofob və islamofob təzahürlərin qarşısını almaq üçün siyasi iradə nümayiş etdirməyə və bu halların qarşısını almağa yönələn qətnamə qəbul etməyə dəvət edirik.
Çıxışlardan sonra tədbir qarşılıqlı diskussiya şəkilində davam edib.
Konfransın yekunu olaraq Qeyri-hökumət təşkilatları adından BƏYANAT səsləndirilib.