ŞRİFTİN ÖLÇÜSÜ

AAA

ŞRİFTİN NÖVÜ

San-Serif

Serif

ŞƏKİLLƏRİN TƏSVİRİ

QHT-lərin beynəlxalq əməkdaşlığının gücləndirilməsinə həsr olunmuş konfrans keçirilib
09 FEVRAL 2023 - 12:00

Fevralın 9-da ADA Universitetində Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi və ADA Universiteti ilə birgə təşkil edilən QHT-lərin beynəlxalq əməkdaşlığının gücləndirilməsinə həsr olunmuş konfrans keçirilib.

Konfransda Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin, Xarici İşlər Nazirliyinin,  Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin məsul şəxsləri, QHT rəhbərləri və media mənsubları iştirak ediblər.

Əvvəlcə konfransda qardaş Türkiyədə baş verən dəhşətli zəlzələ nəticəsində dünyasını dəyişənlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra konfransa açılış nitqi ilə başlayan Qeyri-hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin İcraçı direktoru Aygün Əliyeva bildirib ki, Agentlik QHT-lərin beynəlxalq əməkdaşlığının gücləndirilməsi istiqamətində müxtəlif fəaliyyətlər icra edir və ənənəvi qrant müsabiqələri çərçivəsində, eyni zamanda səfər qrantı müsabiqəsi çərçivəsində QHT-lərin beynəlxalq istiqamətdə layihələri dəstəklənir, onların beynəlxalq təşkilatların müxtəlif tədbirlərində iştirakı təmin edilir.

Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş sektorunun müdiri Vüsal Quliyev çıxış edərək, keçirilən tədbirin Azərbaycan QHT-lərinin beynəlxalq əməkdaşlıq sahəsində fəaliyyətinin dəyərləndirilməsi və gələcək hədəflərinin müəyyən edilməsi baxımından əhəmiyyətli olduğunu vurğulayıb. Bildirib ki, ölkəmizdə beynəlxalq çıxışı olan əksər QHT-lər hər zaman milli maraqlarımızın qorunması, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, qaçqın və məcburi köçkünlərimizin hüquqlarının müdafiəsi və digər istiqamətlərdə ciddi səylər göstərmiş, dünya ictimaiyyətinin diqqətini Azərbaycana yönəltmişlər. 44 günlük Vətən Müharibəsindən sonra yaranmış mövcud reallıqlar QHT-lərimiz qarşısında yeni vəzifələr qoyur. Bu xüsusda Azərbaycan QHT-ləri beynəlxalq əməkdaşlıq sahəsində fəaliyyətini daha da təkmilləşdirməli, beynəlxalq platformaların işində yaxından iştirak etməli, müxtəlif sahələrdə müsbət təcrübələrin mübadiləsi və s. təşəbbüslərlə çıxış etməlidirlər.

V.Quliyev son illər Azərbaycan QHT-lərinin BMT-nin İqtsadi və Sosial Şurasında (ECOSOC), habelə ayrı-ayrı ixtisaslaşmış beynəlxalq şəbəkələrdə QHT-lərimizin  təmsilçiliyindəki keyfiyyət artımını da müsbət dəyərləndirib, davamlılığının qorunub saxlanmasının vacibliyini bildirib. 

Sonra çıxış edən digər natiqlər  Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin idarə rəisi Yalçın Rəfiyev,  Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin üzvü Gülşən Paşayeva, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvləri İsrail İsgəndərov, Günel Səfərova, Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Mirzəyev QHT-lərin ixtisaslaşdığı müxtəlif sahələr üzrə (insan hüquqları, təhsil, mədəniyyət, ətraf mühit, sağlamlıq və s.) beynəlxalq təşkilat və QHT-lərlə, habelə xarici ölkələrin QHT-ləri ilə əməkdaşlıq qurulmasının perspektivləri (o cümlədən mövcud əməkdaşlıqların gücləndirilməsi, beynəlxalq QHT platformalarında Azərbaycan QHT-lərinin təmsilçiliyi və fəallığının təmin olunması və digər mövzulara toxunaraq bugünkü konfransın  əhəmiyyətli olacağını bildiriblər.

Çıxışlardan sonra konfrans QHT-lərin müzakirəsi əsasında davam edib və təkliflər səsləndirilib.

Vətəndaşların Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi rəhbərliyinin və digər vəzifəli şəxslərinin qəbuluna onlayn yazılması

Qəbula yazıl