“Məişət zorakılığına qarşı mübarizə və qadınlara qarşı ayrı-seçkiliyin aradan qaldırılması təşəbbüsləri” istiqaməti üzrə qrant müsabiqənin qalib təşkilatları ilə görüş keçirilib
Fevralın 13-də Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyində “Məişət zorakılığına qarşı mübarizə və qadınlara qarşı ayrı-seçkiliyin aradan qaldırılması təşəbbüsləri” istiqaməti üzrə qrant müsabiqəsinin qalib təşkilatları ilə görüş keçirilib.
Görüşdə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva, Agentliyin, Komitənin məsul əməkdaşları və qalib təşkilatlar iştirak ediblər.
Əvvəlcə görüşü açıq elan edən Agentliyin icraçı direktoru Aygün Əliyeva qalib gələn təşkilatları təbrik edib, Komitəyə qeyri-hökumət təşkilatları ilə əməkdaşlığa görə təşəkkür edərək, bildirib ki, “Məişət zorakılığına qarşı mübarizə və qadınlara qarşı ayrı-seçkiliyin aradan qaldırılması təşəbbüsləri” üzrə 47 fərdi, 8 koalisiya üzrə layihələrin maliyyələşdirilməsi haqqında Agentliyin Müşahidə Şurası müvafiq qərar qəbul edib. Təşkilatların layihələrini uğurla icra etməsi üçün dövlət orqanları ilə əməkdaşlığın olması vacibdir.
Daha sonra Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova çıxış edərək görüşün Agentliyin dəstəyi ilə həyata keçirilən layihələrin yekunlarını müzakirə etmək, layihələrin icrası zamanı gözlənilən risklər və onların həlli üçün rəy və təklifləri dinləmək, ölkədə bu sahədə dövlət siyasətini həyata keçirən orqan olaraq Komitənin dəstəyini göstərmək məqsədi ilə keçirildiyini deyib. Sədaqət Qəhrəmanova qrant müsabiqəsinin mövzuları olan erkən və qeyri-rəsmi nikahlar, ailə dəyərləri, məişət zorakılığı və ondan müdafiə vasitələri, qadınların reproduktiv sağlamlığı, həssas qrupdan olan qadınların hüquqi, psixoloji və sosial cəhətdən dəstəklənməsi və digər mövzularda layihələrin icrası zamanı diqqətdə saxlanılması vacib olan məqamlar barədə ətraflı məlumat verib.
Daha sonra mövzu əsasında qalib olan Qeyri-hökumət təşkilatları layihələri haqqında onları maraqlandıran sualları səsləndiriblər və qarşılıqlı müzakirələr aparılıb.