Keçirilən sorğuda Qərbi Azərbaycana qayıdışa tam əminlik ifadə edilib
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Cəmiyyətin İnkişаfı Mərkəzi” İctimаi Birliyinin icra etdiyi "Qərbi Azərbaycan bizim tarixi torpağımızdır" layihəsi çərçivəsində növbəti tədbir keçirilib. Tədbirin moderatoru Əliməmməd Nuriyev açılış nitqində layihənin məqsədi barədə məlumat verib. Daha sonra “Cəmiyyətin İnkişаfı Mərkəzi” İctimаi Birliyinin sədri Əhməd Abbasbəyli layihə barədə görülən işləri sadalayıb, layihənin uğurla həyata keçirilməsinə görə Agentliyə minnətdarlığını bildirib. Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva Prezident İlham Əliyevin Qərbi Azərbaycana qayıdışla bağlı tarixi nitqlərinin bütün Azərbaycan xalqında doğma torpaqlara qayıdış ümidini artırdığını qeyd edib.
Tədbirdə layihə çərçivəsində çap edilmiş “Qərbi Azərbaycana aparan yol” kitabının və “Qərbi Azərbaycan bizim tarixi torpağımızdır” adlı sosioloji-tədqiqat işinin nəticələri ilə bağlı hesabatın təqdimatı keçirilib.
3 dildə nəşr edilən “Qərbi Azərbaycana aparan yol” kitabında Qərbi Azərbaycan və onun əzəli sakinləri haqqında ən mühüm tarixi faktlar toplanıb. “Qərbi Azərbaycan bizim tarixi torpağımızdır” adlı sosioloji-tədqiqat işində Qərbi Azərbaycana qayıdış mövzusunda sorğu aparılıb. Sorğunun nəticələri göstərir ki, Qərbi Azərbaycan yalnız həmin yerlərdən deportasiya edilmiş şəxslər üçün deyil, hər bir azərbaycanlı üçün müqəddəsdir. Sorğuda 775 respondent iştirak edib. Onlardan 54,35% kişi, 49,71%-i qadın, yaş həddi isə 18-dən yuxarı olub. Respondentlərin 82,44 %-i Qərbi Azərbaycana qayıdışa tam əmin olduqlarını bildiriblər.
Kitabın təqdimatını müəllif Rizvan Hüseynov, hesabatın təqdimatını isə STM-in icraçı direktoru, ekspert Sahib Məmmədov və sözügedən ictimai birliyin sədri Əhməd Abbasbəyli ediblər.
Konfransın işi iştirakçılar arasında müzakirələrlə davam edib, suallar cavablandırılıb.