Ümummilli lider Heydər Əliyevə həsr edilmiş “Üç dəniz əfsanəsi” sənədli filminin təqdimatı olub
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə “İnkişafa Doğru İnteqrasiya” İctimai Birliyi tərəfindən ərsəyə gətirilmiş “Üç dəniz əfsanəsi” sənədli filminin sentyabrın 29-da təqdimat mərasimi keçirilib.
Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan filmdə Bakı-Tbilisi-Ceyhan neft kəmərinin əhəmiyyəti ilə yanaşı, həm də onun böyük siyasi məzmunundan söhbət açılır. Bildirilir ki, məhz dünyaşöhrətli siyasətçi Heydər Əliyevin çox böyük zəhməti və uzaqgörənliyi sayəsində reallaşan “Əsrin müqaviləsi” ölkəmizin iqtisadi həyatında çox mühüm rol oynayıb.
Filmdə Ələt Azad İqtisadi Zonasının səlahiyyətli qurumunun rəhbəri Valeh Ələsgərov, Azərbaycanın 1993-1998-ci illərdə xarici işlər naziri olan Həsən Həsənov və Türkiyənin “ADCO” neft qatqıları şirkətinin rəhbəri Selçuk Akat Ulu Öndərin layihənin həyata keçirilməsindəki roluna dair xatirələrini bölüşüblər.
Təqdimat mərasimində Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin İcraçı direktoru Aygün Əliyeva, Yasamal rayon İcra hakimiyyətinin başçısı Elşad Həsənov, Milli Məclis üzvləri iştirak ediblər.
"Üç dəniz əfsanəsi” sənədli filminin ideya müəllifi Ülviyyə Abdullayeva, ssenari müəllifi İlhamə Novruzova, quruluşçu rejissoru Əli Məlikovdur.