“Vikipediyada Qərbi Azərbaycan həqiqətləri və reallıqları” layihəsi çərçivəsində Vikipediya təlimləri təşkil edilib
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə “İrs - Gənclərin Maarifləndirmə və Təbliğat Mərkəzi” İctimai Birliyinin icra etdiyi “Vikipediyada Qərbi Azərbaycan həqiqətləri və reallıqları” layihəsi çərçivəsində Qərbi Azərbaycan İcması və Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin 25 əməkdaşı üçün Vikipediya təlimləri təşkil edilib.
Layihənin əsas məqsədi ermənilər tərəfindən Qərbi Azərbaycanın məhv edilmiş tarixi abidələri, qəbiristanlıqları, kəndləri, adı dəyişdirilmiş toponimləri, tanınmış şəxsləri barədə Vikipediya vasitəsilə sistemli şəkildə məlumat çatdırmaqdır.
3 ay müddətində icra olunan layihədə Qərbi Azərbaycanla bağlı Vikipediyanın 9 dil bölməsində (azərbaycan, ingilis, rus, fransız, fars, ərəb, ispan, erməni, gürcü) 100-dən çox məqalə yerləşdirilib və ya genişləndirilib. Bununla yanaşı, 50-dən çox şəkil Vikipediyanın şəkil anbarı olan Vikianbara (Wikimedia Commons) yüklənib və müxtəlif Vikipediya layihələrində istifadə edilir. Vikipediyada və Vikiverilənlər (Wikidata) layihəsində Qərbi Azərbaycanla bağlı təhrif edilmiş məlumatlar redaktə edilərək aradan qaldırılıb və Qərbi Azərbaycandakı yaşayış məntəqələri barədə məlumatların etibarlılığı və dəqiqliyi artırılıb.
Qeyd edək ki, təlimdə iştirakçılara Vikipediya onlayn ensiklopediyası və Azərbaycandilli Vikipediya barədə ümumi məlumatlar, habelə informasiyanın geniş kütləyə çatdırılmasında Vikipediyanın rolu barədə məlumat verilib.
Təlimlərin sonunda iştirakçılara “İrs – Gənclərin Maarifləndirmə və Təbliğat Mərkəzi” İctimai Birliyinin sədri Saleh Bağırov tərəfindən sertifikatlar təqdim edilib.