“Qərbi Azərbaycandan Deportasiya. İmirlidə məskunlaşma” kitabının təqdimatı keçirilib
Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə Müvəkkil Hüquq Mərkəzinin tərəfindən icra olunan "Qərbi Azərbaycan haqqında tarixi həqiqətlərin araşdırılması və təbliği" layihəsi çərçivəsində “Qərbi Azərbaycandan Deportasiya. İmirlidə məskunlaşma (hüquq və tarix kontekstində)” kitabının təqdimat mərasimi keçirilib.
Kitabda Dərələyəz mahalının Çivə, Sallı, Qozulca, Göyçə mahalının Mollalı, Vedibasar mahalının Hortun kəndinin əhalisinin öz doğma yurdlarından deportasiya edilərək Bərdə rayonunun İmirli kəndində məskunlaşmasının hansı tarixi şəraitdə baş verməsi, deportasiyanın hüquqi aspektləri araşdırılıb.
Təqdimat mərasimində AMEA-nın vitse-prezidenti, akademik Arif Həşimov, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva, Konstitusiya Məhkəməsinin hakimi İsa Nəcəfov, Prezident Kitabxanasının şöbə müdiri Nazim Mustafa, Qərbi Azərbaycan İcmasının rəhbəri, millət vəkili Əziz Ələkbərli, millət vəkilləri İltizam Yusifov, Hikmət Babaoğlu, Arzu Nağıyev, Fatma Yıldırım və tarixçi-alim Cəbi Bəhramov çıxış edərək ərsəyə gələn kitabın əhəmiyyətindən və bu istiqamətdə davamlı fəaliyyətin vacibliyindən danışıblar.
Layihə çərçivəsində həmçinin “Qərbi Azərbaycanlıların tarixi yurdlarından məcburi köçürülməsi, “Qərbi Azərbaycan tarixi vətənimiz”, “Qərbi Azərbaycan kameral təsvirlərdə”, “Zəngəzurun köçürülməsi tarixi ədalətsizlik” və “Dərələyəz mahalı Çivə kəndinin deportasiyası” mövzularında 5 televiziya verilişi hazırlanıb.