“Neokolonializm və kolonializmlə mübarizədə qlobal təşəbbüslərin gücləndirilməsi” layihəsi icra edilir
Bakı Təşəbbüs Qrupunun icra etdiyi “Neokolonializm və kolonializmlə mübarizədə qlobal təşəbbüslərin gücləndirilməsi” layihəsi davam edir.
Layihə çərçivəsində Fransız Polineziyasının nümayəndə heyəti ilə, Fransa müstəmləkəçiliyindən əziyyət çəkən Korsika, Melaneziya, Polineziya, Karib və Antil adalar qrupundan olan 15-dən çox siyasi partiya və müstəqillik hərəkatlarının rəhbər şəxslərinin iştirakı ilə Bakıda keçirilən birinci Qurultay zamanı ölkəyə gəlmiş hərəkat nümayəndələri ilə görüşlər keçirilib.
İcraçı direktor Abbas Abbasov bildirib ki, layihənin məqsədi Fransanın kolonializm və neokolonializm siyasəti yürütdüyü dənizaşırı ərazilərində və Qoşulmama Hərəkatına üzv ölkələrdə baş verən insan hüquqlarının pozulması halları barədə geniş hesabatın hazırlanaraq beynəlxalq təşkilatlara və digər aidiyyəti, maraqlı tərəflərə təqdim olunması və bununla da kolonializmin yeni meyillərinin qarşısının alınmasına dəstək olmaqdır.
Layihə çərçivəsində aparılmış fərdi müsahibələr, mövcud hüquqi sənədlər, BMT-nin müvafiq hesabatları və elmi məqalələr əsasında təfsilatlı hesabat hazırlanır. Hesabat oktyabr ayında geniş ictimaiyyətə, həmçinin Fransa müstəmləkəçiliyindən əziyyət çəkən ölkələrin siyasi partiya və müstəqillik hərəkatlarına təqdim olunacaq. Bu hesabatın sübut-əsaslı məlumatları ilə layihə tərəfdaşlarının və qeyd olunan ölkələrin vətəndaş cəmiyyətinin, azadlıq hərəkatlarının, icmaların advokasiya vasitəsi kimi istifadə olunması nəzərdə tutulur.
Layihənin donoru Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyidir.