Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi ilə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi QİÇS, vərəm və malyariya ilə mübarizə üzrə Qlobal Fondun qrant vəsaiti hesabına QHT-lər üçün birlikdə qrant müsabiqəsi elan edir.
Müsabiqə üzrə QHT-lərin layihə təkliflərinə dair sənədlərin qəbuluna 2026-cı il oktyabr ayının 20-də başlanacaq. Müraciət üçün son tarix 2026-cı il noyabrın 10-udur. Sənəd qəbulu bitdikdən sonra QHT-lərin təqdim etdiyi layihə təkliflərinə dair sənədlərin ekspertizası aparılacaq, layihələr təhlil ediləcək, qaliblər müəyyənləşdiriləcək və adları elan ediləcək.
Qrant məbləğlərinin yuxarı həddi:
• Böyük qrant müsabiqəsi – Müsabiqə üzrə qrant məbləğinin aşağı həddi 30000 manat, yuxarı həddi 70000 manat.
Müsabiqələr aşağıdakı mövzuları ehtiva edir:
l. Risk əhali qrupların arasında vərəm skrininqin keçirilməsi
Bakı şəhəri və regionlarda yaşayan risk qrupuna aid həssas əhali qrupları, onların ailə üzvləri keçmiş məcburi köçkünlər, vərəm anamnezi olan şəxslər, əmək miqrantları və miqrantların ailə üzvləri (hər benefisiar üzrə minimum üç ailə üzvü) arasında vərəm üzrə yüksək yayılma səviyyəsi olan regionlarda vərəm skrininqi həyata keçiriləcək.
Skrininqin keyfiyyətli və beynəlxalq yanaşmalara uyğun təşkili üçün layihə komandasına vərəm həkimi, rentgen texniki, ko-infeksiyalar üzrə mütəxəssis, təcrübəli tibb bacısı, radioloq və vərəm xəstələri ilə iş üzrə iki sosial işçi cəlb ediləcək.
Skrininq zamanı vərəmə şübhəli hallar müəyyən edildikdə şəxslər əlavə diaqnostik müayinələrə və müvafiq dövlət tibb müəssisələrinə yönləndiriləcək, zərurət yarandıqda isə sosial xidmətlərə çıxışları təmin olunacaq.
II. Stiqma və ayrı-seçkiliyin aradan qaldırılması istiqamətində maarifləndirmə işinin aparılması və Ümumdünya Səhiyyə Təşkilatının icma əsaslı xidmətlər üzrə standartlaşdırılmış paketinin nəzərdən keçirilməsi və yenilənməsi
Layihə çərçivəsində Bakı şəhəri və regionlarda vərəmə bağlı stiqmanın azaldılması, insan hüquqlarının müdafiəsi, peyvəndləmə, infeksiyaya nəzarət və fərdi mühafizə vasitələrindən (FMV) istifadə üzrə icma potensialının gücləndirilməsi məqsədilə təlim və maarifləndirmə tədbirləri keçiriləcək.
İcma üzvləri və əsas/həssas qrupların nümayəndələri arasından seçilmiş altı icma lideri “Təlimçilər üçün təlim (TOT) proqramı”na cəlb olunacaq və sonrakı mərhələdə həmyaşıd təlimçi kimi vərəm və İİV üzrə maarifləndirmə, məsləhət və psixososial dəstək sessiyaları keçirəcəklər.
İctimai məlumatlılığın artırılması və stiqmanın azaldılması məqsədilə xəstələrin hekayələrini əhatə edən maarifləndirici məqalə və ya jurnalist araşdırması, Ümumdünya Vərəm Gününə həsr olunmuş konfrans təşkil oluncaq, jurnalistlər üçün məlumat kitabçaları və video-reportajlar (Ümumdünya Vərəm Günü konfransı; vərəmin aşkarlanması prosesi; stiqma ilə bağlı tədqiqatın nəticələri haqqında) hazırlanacaq.
Vərəmə yoluxmuş şəxslərin hüquqlarının və müalicəyə davamlılığının dəstəklənməsi üçün mövcud xidmətlər təhlil edilərək xidmətlər zərfi və maliyyələşdirmə təklifi hazırlanacaq və aidiyyəti dövlət qurumlarına təqdim olunacaq.
Elmi Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu və QHT-nin əməkdaşlığı çərçivəsində hədəf icmalar üçün tibbi xidmətlərə çıxış, psixoloji dəstək və sosial müavinətlərə müraciət imkanları barədə məlumatlandırma sessiyaları təşkil ediləcək.
Aşağıdakı layihələr müsabiqəyə buraxılmır:
• Nizamnamə məqsədlərində səhiyyə və sağlamlıq, zərərli asılılıqlara qarşı mübarizə profili olmayan QHT-lərin layihələri;
• 2026-cı il üzrə AR Səhiyyə Nazirliyinin qrant müsabiqələrinin qalibləri olan QHT-lərin layihələri.
Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2026-cı il 22 iyun tarixli 188 nömrəli qərarla təsdiq edilmiş Qaydasına müvafiq olaraq, müsabiqə üçün tələb olunan sənədlər:
• layihə təklifi;
• layihənin icra planı;
• layihənin xərclər smetası;
• layihənin büdcəsinin maliyyə əsaslandırılması;
• QHT-nin nizamnaməsi, qeydiyyat şəhadətnaməsi və hüquqi şəxslərin dövlət reyestrindən çıxarışının surəti;
• QHT-nin vergi uçotu haqqında şəhadətnaməsinin surəti;
• QHT-nin səlahiyyətli nümayəndəsinin şəxsiyyətini təsdiq edən sənədin surəti;
• maliyyə vəsaitinin köçürüləcəyi QHT-nin bank hesabı barədə məlumatlar;
• QHT-nin son 5 (beş) il ərzində fəaliyyəti, həyata keçirdiyi layihələr, habelə proqramlar barədə azı 30 (otuz) fərqli məzmunda informasiyanın media subyektlərində yayılmasını təsdiq edən sənəd;
Texniki tələblər:
• QHT-lər layihə təkliflərini QHT Agentliyinin saytında xüsusi bölmə vasitəsilə elektron qaydada təqdim edir (müvafiq bölmə 2026-cı il oktyabrın 20-dən noyabrın 10-dək QHT Agentliyin elektron xidmətlər portalında (e-ərizə bölməsi) aktiv olacaq);
• Şəxsən, poçtla və ya e-poçt vasitəsilə təqdim olunan layihə təkliflərinə dair sənədlər qəbul olunmur.
Əlaqə vasitələri:
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi, Yasamal rayonu, Hüseyn Cavid prospekti, 520-ci məhəllə, ev 20.
office@ngoagency.gov.az




