Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi və Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi QHT-lər üçün birlikdə dövlət sifarişləri üzrə müsabiqə elan edir. Müsabiqə üzrə QHT-lərin layihə təkliflərinə dair sənədlərin qəbuluna 2026-cı ilin oktyabrın 20-də başlanılacaq. Müraciət üçün son tarix 2026-cı il 10 noyabrdır. Sənəd qəbulu bitdikdən sonra QHT-lərin təqdim etdiyi layihə təkliflərinə dair sənədlərin ekspertizası aparılacaq, layihələr təhlil ediləcək, qaliblər müəyyənləşdiriləcək və adları elan ediləcək.
 

Əsas mövzu istiqamətləri:
 

I. Həssas əhali qruplarından olan uşaqlara səyyar sosial-psixoloji dəstək

Bu istiqamət üzrə dövlət sifarişi məbləğinin yuxarı həddi 48000 (qırx səkkiz min) manatdır.
 

TƏLƏBLƏR:
 

1. Layihənin əhatə dairəsi

• Layihə çərçivəsində Lerik, Yevlax və Ağcabədi rayonlarının hər birində 60 nəfər olmaqla, ümumilikdə 180 nəfər uşaq və onların ailələrinə səyyar sosial xidmət göstərilməlidir. Layihə müddəti 1 (bir) ay davam etməli və rayonlar üzrə layihənin icrası fərqli QHT-lər tərəfindən həyata keçirilməlidir.

• Hər bir ərazi üzrə nəzərdə tutulan 60 benefisiarın müəyyənləşdirilməsi, qiymətləndirilməsi, sosial xidmətə cəlb olunması və xidmət prosesinin monitorinqi həyata keçirilməlidir.
Hər rayon üzrə dövlət sifarişi məbləğinin yuxarı həddi 16000 (on altı min) manatdır.
 

2. Minimum işçi heyəti

Layihənin effektiv və multidissiplinar əsasda həyata keçirilməsi üçün layihə üzrə hər bir rayona minimum aşağıdakı işçi heyəti nəzərdə tutulmalıdır:

• 1 layihə rəhbəri (ali təhsil, 3 il təcrübə);
• 1 sosial işçi (sosial iş üzrə ali təhsil, 2 il təcrübə);
• 4 psixoloq (psixologiya üzrə ali təhsil, 2 il təcrübə);
• 4 sürücü (nəqliyyat vasitəsi və yanacaq xərci daxil olmaqla).
 

• Sosial işçilər benefisiarların ilkin müəyyənləşdirilməsi, sosial qiymətləndirilməsi, fərdi iş planlarının hazırlanması, xidmətlərin təşkili və xidmətlərin monitorinqinə cavabdeh olmalıdırlar.

• Psixoloqlar səyyar formada evlərdə uşaqların psixoloji vəziyyətinin qiymətləndirilməsi, psixoloji dəstəyin göstərilməsi və zəruri hallarda psixoloji reabilitasiya tədbirlərinin həyata keçirilməsini təmin etməlidirlər. Bir uşağa həftədə 2 dəfə olmaqla sessiyalar təşkil etməlidirlər (bir sessiya müddəti 45-60 dəqiqə). Ümumi sessiyaların sayı 8-dən az olmamalıdır.

• Sürücülər psixoloqların və sosial işçinin hədəf rayonlardakı evlərə vaxtında və təhlükəsiz çatdırılmasını təmin etməlidir.

• Layihə rəhbəri ümumi koordinasiyanı, işçi heyətinin fəaliyyətinin təşkili, qurumlararası əməkdaşlığın təmin edilməsi, nəticələrin izlənilməsi və hesabatların hazırlanmasına cavabdeh olmalıdır.
 

3. Görüləcək işlər

Hər bir benefisiar üzrə ilkin sosial qiymətləndirmə aparılmalı və müəyyən edilmiş ehtiyaclar əsasında fərdi plan hazırlanmalıdır. Fərdi planda uşağın psixoloji vəziyyəti və görüləcək işlər müəyyən edilməlidir. Planın icrası mütəmadi olaraq uşağın vəziyyətində baş verən dəyişikliklərə uyğun olaraq yenilənməlidir.
 

4. İş rejimi

Sosial xidmətlərin göstərilməsi bazar ertəsi–cümə günləri saat 09:00-dan 18:00-dək təşkil edilməlidir. Eyni zamanda, benefisiarların ehtiyaclarından asılı olaraq xidmət saatı dəyişə bilər.
 

II. Gənc valideynlər üçün “Valideynlik məktəbi” proqramlarının təşkili, psixoloji və pedaqoji məsləhət xidmətlərinin göstərilməsi

Bu istiqamət üzrə dövlət sifarişi məbləğinin yuxarı həddi 48000 (qırx səkkiz min) manatdır.
 

TƏLƏBLƏR:
 

1. Layihənin əhatə dairəsi

• Layihə çərçivəsində 10 rayon/şəhərin (Astara, Biləsuvar, Göyçay, İsmayıllı, Qazax, Quba, Mingəçevir, Sabirabad, Şirvan, Zaqatala) hər birində 25 nəfər olmaqla, ümumilikdə 250 nəfərə psixoloji və pedaqoji məsləhət xidmətləri göstərilməlidir. Layihə müddəti 1 (bir) ay davam etməlidir.

• Hər bir ərazi üzrə nəzərdə tutulan benefisiarların müəyyənləşdirilməsi, xidmətlərə cəlb edilməsi və xidmət prosesinin monitorinqi həyata keçirilməlidir.

• Layihə çərçivəsində gənc valideynlərin uşaqlarının mobil telefon, planşet və digər zərərli asılılıqlardan qorunması üzrə bilik və bacarıqlarının artırılması, onların psixoloji dayanıqlılığının gücləndirilməsi, stress və adaptasiya dövründə dəstəklənməsi, uşaqların sosial-emosional inkişafını dəstəkləyən valideyn davranışlarının təşviqi, ailədaxili sabitliyin qorunması, ünsiyyət və münasibətlərin sağlamlaşdırılması üçün əlverişli mühitin yaradılması təmin edilməlidir.
 

2. Minimum işçi heyəti

• Layihə rəhbəri – 1 nəfər (ali təhsil, azı 3 il iş təcrübəsi);
• Sosial işçi – 10 nəfər (sosial iş üzrə ali təhsil, 1 il iş təcrübəsi);
• Psixoloq-təlimçi – 10 nəfər (psixologiya üzrə ali təhsil, 2 il iş təcrübəsi);
• Pediatr-təlimçi – 10 nəfər (müalicə işi ixtisası üzrə ali təhsil, 2 il iş təcrübəsi).
 

Modullar

• Modul 1: Uşaqların mobil telefon, planşet və digər zərərli asılılıqlardan qorunması üzrə valideynlərin bilik və bacarıqlarının artırılması;
• Modul 2: Nümunəvi ana və ata münasibətləri, ailədaxili ünsiyyət;
• Modul 3: Uşaqların emosional və sosial inkişafında valideynin rolu;
• Modul 4: Pediatrla görüş – uşaqların fiziki sağlamlığı və inkişafı;
• Modul 5: Psixoloqla görüş – ailədaxili stress, davranış və tərbiyə üsulları.
 

• Layihə rəhbəri ümumi koordinasiyanı, işçi heyətinin fəaliyyətinin təşkili, aidiyyəti qurumlarla əməkdaşlığın təmin edilməsi, layihə göstəricilərinin izlənilməsi və hesabatların hazırlanmasına cavabdeh olmalıdır.

• Sosial işçilər benefisiarların ilkin müəyyənləşdirilməsi, sosial qiymətləndirilməsi, xidmətlərin təşkili və monitorinqinə cavabdeh olmalıdırlar.

• Psixoloqlar benefisiarların psixoloji vəziyyətinin qiymətləndirilməsi, fərdi və qrup psixoloji konsultasiyaların təşkili, psixososial dəstəyin göstərilməsi tədbirlərinin həyata keçirilməsini təmin etməlidirlər.

• Pediatr benefisiarların sağlamlıq və fiziki inkişaf vəziyyətinin qiymətləndirilməsini, tibbi müayinə və məsləhətlərin verilməsini, uşaq xəstəliklərinin profilaktikası üzrə maarifləndirməni, ehtiyac olduqda müvafiq səhiyyə müəssisələrinə yönləndirməni və sağlam həyat tərzinin təşviqini həyata keçirməlidir.
 

3. Fərdi fəaliyyət planı və mərhələlər

• Rayon/şəhər üzrə gənc valideynlərin seçimi;
• Layihə çərçivəsində hər rayon/şəhər üzrə 40 yaşadək 25 gənc valideyn (ümumilikdə 250 nəfər) üçün 5 moduldan ibarət təlim proqramının həyata keçirilməsi;
• Təlim sessiyalarında interaktiv üsullar, qrup müzakirələri, real situasiya analizləri, rollu oyunların tətbiq olunması;
• Təlim iştirakçılarının təlim materialları ilə təmin olunması;
• Təlimlər minimum 2 (iki) gün davam etməlidir.
 

4. Kommunikasiya və media komponenti

• Layihənin icrası müddətində ənənəvi və sosial media vasitəsilə layihənin fəaliyyəti barədə audiovizual məhsulların yayılmasının (Azərbaycan Respublikasının Konstitusiyasının 32-ci maddəsinin 3-cü hissəsi, "Uşaq hüquqları haqqında" Azərbaycan Respublikasının Qanununun 17.3-cü maddəsi, "Fərdi məlumatlar haqqında" Azərbaycan Respublikasının Qanununun, eləcə də Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinin müddəaları nəzərə alınmaqla) təşkili;
• Layihənin nəticələrinin və uğur hekayələrinin media və sosial media vasitəsilə ətraflı işıqlandırılması.
 

5. Yekun qiymətləndirmə və davamlılıq mərhələsi

Bu mərhələ layihə nəticələrinin qiymətləndirilməsini və davamlı mexanizmlərin formalaşdırılmasını əhatə edir:
• Təlimçilər və iştirakçılar arasında qiymətləndirmə sorğularının aparılması;
• Layihə nəticələrinin təhlili və yekun hesabatın hazırlanması;
• Ənənəvi və sosial mediada məsuliyyətli valideynliklə bağlı təşviqat kampaniyasının yekun mərhələsi – şüarlar, posterlər, video hekayələr.
 

6. Təlim otaqlarının infrastrukturu

Təlim otaqlarının əlçatanlığının təmin edilməsi məqsədilə 10 rayon/şəhərin hər birində təlim otaqları təşkil edilməlidir. Təlimlər zamanı benefisiarlarla sosial işçi, psixoloq və pediatr görüşlərinin keçirilməsi, fərdi və qrup işinin təşkili, qiymətləndirmə və sənədləşmə işlərinin aparılması üçün uyğun şərait yaratmalıdır. Təlim otaqlarının yerləşdiyi məkan benefisiarların təhlükəsizliyini təmin etməli, onların xidmətə müraciəti zamanı əlavə risk yaratmamalıdır. Hər bir sosial xidmət otağının sahəsi ən azı 50 kvadratmetr olmalıdır. Sosial xidmət otaqları aşağıdakı minimum tələblərə cavab verməlidir:

• müvafiq mebel və ofis avadanlıqları;
• kompüter və internet təminatı;
• təbii və ya süni işıqlandırma;
• effektiv havalandırma;
• sanitar-gigiyenik tələblərə uyğunluq;
• fərdi və qrup görüşlərinin keçirilməsi üçün uyğun şərait.
 

III. Baxımsız və sosial təhlükəli vəziyyətdə olan uşaqların cəmiyyətə inteqrasiyasının təşkili

Bu istiqamət üzrə dövlət sifarişi məbləğinin yuxarı həddi 54000 (əlli dörd min) manatdır.
 

TƏLƏBLƏR:
 

1. Layihənin əhatə dairəsi

• Layihə çərçivəsində Abşeron rayonu (Xırdalan şəhəri), Şirvan şəhəri və Yevlax rayonunun hər birində 40 nəfər olmaqla, ümumilikdə 120 nəfər uşaq və onların ailələrinə sosial xidmət göstərilməli, layihə müddəti 2 (iki) ay davam etməli və rayonlar üzrə layihənin icrası fərqli QHT-lər tərəfindən həyata keçirilməlidir.

• Hər bir ərazi üzrə nəzərdə tutulan 40 benefisiarın müəyyənləşdirilməsi, qiymətləndirilməsi, sosial xidmətə cəlb olunması və xidmət prosesinin monitorinqi həyata keçirilməlidir.
Hər rayon üzrə dövlət sifarişi məbləğinin yuxarı həddi 18000 (on səkkiz min) manatdır.
 

2. Minimum işçi heyəti

• Layihə rəhbəri – 1 nəfər (ali təhsil, azı 3 il iş təcrübəsi);
• Sosial işçi – 3 nəfər (sosial iş üzrə ali təhsil, 1 il iş təcrübəsi);
• Psixoloq – 2 nəfər (psixologiya üzrə ali təhsil, 2 il iş təcrübəsi);
• Hüquqşünas – 1 nəfər (hüquq üzrə ali təhsil, 3 il iş təcrübəsi).
 

Sosial işçilər benefisiarların ilkin müəyyənləşdirilməsi, sosial qiymətləndirilməsi, fərdi iş planlarının hazırlanması, xidmətlərin təşkili və monitorinqinə, psixoloqlar uşaqların və ailələrin psixoloji vəziyyətinin qiymətləndirilməsi, psixoloji dəstəyin göstərilməsi və zəruri hallarda psixoloji reabilitasiyanın təşkilinə, hüquqşünas uşaqların və ailələrin hüquqi ehtiyaclarının qiymətləndirilməsi, sosial hüquqların müdafiəsi və zəruri hüquqi xidmətlərə yönləndirməyə, layihə rəhbəri isə ümumi koordinasiya, işçi heyətinin fəaliyyətinin təşkili, qurumlararası əməkdaşlığın təmin edilməsi, nəticələrin izlənilməsi və hesabatların hazırlanmasına cavabdeh olmalıdır.
 

3. Görüləcək işlər

• Sosial xidmətlərin əlçatanlığının təmin edilməsi məqsədilə 3 rayon/şəhərin hər birində ayrıca sosial kabinet təşkil edilməlidir. Kabinetlər uşaqların və ailələrin sosial işçi, psixoloq və hüquqşünasla görüşməsi, fərdi və qrup görüşlərinin keçirilməsi, sənədləşmə və sosial işin aparılması üçün uyğun şəraitə malik olmalıdır. Hər bir kabinetin sahəsi ən azı 30 kvadratmetr olmaqla, müvafiq mebel və ofis avadanlıqları, kompüter, internet, sosial iş və psixoloji xidmətlərin göstərilməsi üçün zəruri maddi-texniki baza ilə təchiz edilməli, sənədlərin təhlükəsiz saxlanılması, işıqlandırma, havalandırma, sanitar-gigiyenik tələblər və məxfi, təhlükəsiz görüşlər üçün şərait təmin edilməlidir.

• Səyyar fəaliyyət çərçivəsində baxımsız və sosial təhlükəli vəziyyətdə olan, küçədə yaşayan, dilənən, zorakılıq və cinayət qurbanı olmuş və ya hüquqpozma törətmiş, psixoaktiv maddələrdən istifadə riski olan və digər risk qruplarına aid uşaqlar və ailələr müəyyənləşdirilməli, onların vəziyyəti, ehtiyacları qiymətləndirilməli, zəruri hallarda aidiyyəti xidmət və qurumlara yönləndirilməlidir.

• Uşaqlar və ailələrlə iş zamanı multidissiplinar yanaşma tətbiq edilməli, fərdi sosial iş və mütəmadi monitorinq aparılmalı, ehtiyaclara uyğun sosial, psixoloji, hüquqi, tibbi və təhsil xidmətlərinə çıxış təmin edilməlidir. Uşaqlara və valideynlərə psixososial dəstək göstərilməli, reabilitasiya və təhlükəsiz ailə mühitinin formalaşdırılmasına kömək edilməlidir. Riskli davranışların qarşısının alınması məqsədilə maarifləndirici və preventiv tədbirlər həyata keçirilməlidir.

• Uşaqların sosial hüquqlarının müdafiəsi və müvafiq xidmətlərə çıxışı təmin edilməli, zəruri hallarda benefisiarlar aidiyyəti dövlət qurumlarına və ixtisaslaşmış xidmətlərə yönləndirilməlidir.
 

4. İş rejimi

Sosial kabinetlərdə xidmətlər bazar ertəsi–cümə günləri saat 09:00-dan 18:00-dək göstərilməlidir. Benefisiarların ehtiyaclarından asılı olaraq sosial işçilərin kabinetdən kənar səyyar fəaliyyəti, o cümlədən evlərdə, küçələrdə, ictimai yerlərdə və uşaqların ola biləcəyi digər məkanlarda sosial iş aparılmalıdır.
 

5. Fərdi fəaliyyət planı və mərhələlər

Hər bir benefisiar üzrə ilkin sosial qiymətləndirmə aparılmalı və ehtiyaclar əsasında fərdi sosial iş planı hazırlanmalıdır. Planda uşağın və ailənin sosial, psixoloji, hüquqi, tibbi və təhsil ehtiyacları, görüləcək tədbirlər, yönləndirmələr, məsul şəxslər və gözlənilən nəticələr müəyyən edilməlidir. Planın icrası mütəmadi monitorinq edilməli və vəziyyətdəki dəyişikliklərə uyğun yenilənməlidir.
 

6. Yekun qiymətləndirmə və davamlılıq mərhələsi

Göstərilən sosial xidmətlərin nəticələri mütəmadi izlənilməli, hər bir benefisiarın vəziyyətindəki dəyişikliklər qiymətləndirilməlidir. Monitorinq zamanı müəyyənləşdirilmiş və xidmətə cəlb edilmiş benefisiarların, dövlət və digər xidmətlərə yönləndirilmiş şəxslərin, ailələrlə keçirilmiş görüş və tədbirlərin sayı, habelə uşaqların və ailələrin vəziyyətində baş vermiş müsbət dəyişikliklər nəzərə alınmalıdır.
 

IV. Məişət zorakılığından zərər çəkmiş şəxslər üçün sosial xidmətin təşkili

Bu istiqamət üzrə dövlət sifarişi məbləğinin yuxarı həddi 25500 (iyirmi beş min beş yüz) manatdır.
 

TƏLƏBLƏR:
 

1. Layihənin əhatə dairəsi

Layihə çərçivəsində Sumqayıt şəhəri, Sabirabad və Masallı rayonlarının hər birində 50 nəfər olmaqla, ümumilikdə 150 nəfər məişət zorakılığından zərər çəkmiş şəxsə sosial xidmət göstərilməlidir. Hər bir ərazi üzrə nəzərdə tutulan benefisiarların müəyyənləşdirilməsi, sosial qiymətləndirilməsi, fərdi iş planlarının hazırlanması, sosial xidmətlərə cəlb edilməsi və xidmət prosesinin monitorinqi həyata keçirilməlidir. Layihə çərçivəsində məişət zorakılığından zərər çəkmiş qadınlar, uşaqlar və yeniyetmələr, o cümlədən zorakılığa məruz qalan yeniyetmə oğlanlarla fərdi və qrup əsaslı sosial reabilitasiya işlərinin aparılması təmin edilməli, layihə müddəti 1 (bir) ay davam etməlidir.
 

2. Minimum işçi heyəti

• Layihə rəhbəri – 1 nəfər (ali təhsil, azı 3 il iş təcrübəsi);
• Sosial işçi – 2 nəfər (sosial iş üzrə ali təhsil, 1 il iş təcrübəsi);
• Psixoloq – 2 nəfər (psixologiya üzrə ali təhsil, 2 il iş təcrübəsi);
• Hüquqşünas – 1 nəfər (hüquq üzrə ali təhsil, 3 il iş təcrübəsi).
 

Sosial işçilər benefisiarların ilkin müəyyənləşdirilməsi, sosial qiymətləndirilməsi, fərdi sosial iş planlarının hazırlanması, sosial xidmətlərin təşkili, yönləndirmələrin həyata keçirilməsi və xidmətlərin monitorinqinə, psixoloqlar benefisiarların psixoloji vəziyyətinin qiymətləndirilməsi, fərdi və qrup psixoloji konsultasiyaların təşkili, psixososial dəstəyin göstərilməsi və zəruri hallarda psixoloji reabilitasiya tədbirlərinin həyata keçirilməsinə, hüquqşünas hüquqi vəziyyətin və sənədlərin qiymətləndirilməsi, hüquqi məsləhət və yardımın göstərilməsi, hüquq və qanuni mənafelərin müdafiəsi və zəruri hüquqi xidmətlərə yönləndirməyə, layihə rəhbəri isə ümumi koordinasiya, işçi heyətinin fəaliyyətinin təşkili, aidiyyəti qurumlarla əməkdaşlıq, layihə göstəricilərinin izlənilməsi və hesabatların hazırlanmasına cavabdeh olmalıdır.
 

3. Görüləcək işlər

• Sosial xidmətlərin əlçatanlığının təmin edilməsi məqsədilə Sumqayıt şəhəri, Sabirabad və Masallı rayonlarının hər birində ayrıca sosial xidmət otağı təşkil edilməlidir. Otaqların sahəsi ən azı 30 kvadratmetr olmalı, benefisiarların sosial işçi, psixoloq və hüquqşünasla fərdi və məxfi görüşləri, fərdi və qrup işi, sosial qiymətləndirmə və sənədləşmə üçün uyğun şərait yaratmalıdır. Otaqlarda təhlükəsizlik və məxfilik təmin edilməli, benefisiarların xidmətə müraciəti zamanı əlavə risk yaranmamalıdır.

• Sosial xidmət otaqları zəruri mebel, avadanlıq və maddi-texniki baza, kompüter və internetlə təchiz edilməli, məxfi məlumatların təhlükəsizliyi, sanitar-gigiyenik tələblərə uyğunluq, fərdi və qrup görüşləri, habelə psixoloji və sosial reabilitasiya üçün uyğun şərait təmin edilməlidir.

• Sosial işçilər zəruri hallarda səyyar sosial iş həyata keçirməli, məişət zorakılığından zərər çəkmiş və risk qrupunda olan şəxsləri, o cümlədən qadınları, uşaqları və yeniyetmələri müəyyənləşdirərək onların vəziyyətini və ehtiyaclarını qiymətləndirməli, fərdi sosial iş aparmalı və zəruri xidmətlərə yönləndirməlidirlər. İş zamanı sosial işçi, psixoloq və hüquqşünasın iştirakı ilə multidissiplinar yanaşma tətbiq edilməli, zəruri hallarda digər aidiyyəti mütəxəssislər cəlb olunmalıdır.

• Benefisiarlara sosial, psixoloji, hüquqi və reabilitasiya xidmətləri göstərilməli, onların sosial inteqrasiyasına, təhlükəsiz ailə mühitinin yaradılmasına və iqtisadi müstəqilliyinə dəstək verilməlidir. Zəruri hallarda zorakılıq törətmiş şəxslər sosial-psixoloji reabilitasiyaya cəlb edilməli, zorakılıq davranışının səbəbləri, emosiyaların idarə olunması, sağlam ünsiyyət və münaqişələrin zorakılıqsız həlli istiqamətində iş aparılmalıdır. Tədbirlər zərərçəkmiş şəxslərin təhlükəsizliyi və məxfiliyini riskə atmamalıdır.

• Zorakılığın qarşısının alınması və təkrar hallarının azaldılması məqsədilə maarifləndirici və preventiv tədbirlər keçirilməli, bu sahədə çalışan 20 mütəxəssis üçün 2 günlük təlim təşkil edilməlidir. Problemlərin həlli və xidmətlərin əlaqələndirilməsi məqsədilə aidiyyəti dövlət qurumları, bələdiyyələr, vətəndaş cəmiyyəti institutları və digər tərəfdaşlarla əməkdaşlıq və koordinasiya təmin edilməlidir.
 

4. İş rejimi

Sosial xidmət otaqlarında xidmətlər bazar ertəsi–cümə günləri saat 09:00-dan 18:00-dək göstərilməlidir. Ehtiyac və risk səviyyəsindən asılı olaraq səyyar fəaliyyət, ev ziyarətləri və digər sosial iş tədbirləri həyata keçirilməlidir. Yüksək riskli hallarda benefisiarın təhlükəsizliyi üçün aidiyyəti qurumlarla koordinasiyalı təxirəsalınmaz müdaxilə və yönləndirmə təmin edilməlidir.
 

5. Fərdi fəaliyyət planı və mərhələlər

Hər bir benefisiar üzrə ilkin sosial qiymətləndirmə aparılmalı və ehtiyaclar əsasında fərdi sosial iş planı hazırlanmalıdır. Planda sosial, psixoloji, hüquqi, tibbi, məişət və məşğulluq ehtiyacları, təhlükəsizlik riskləri, görüləcək tədbirlər və yönləndirmələr müəyyən edilməlidir. Uşaqlar və yeniyetmələr, o cümlədən zorakılığa məruz qalan yeniyetmə oğlanlar üçün zəruri reabilitasiya tədbirləri plana daxil edilməli, planın icrası mütəmadi monitorinq olunmalı və benefisiarın vəziyyətinə uyğun yenilənməlidir.
 

6. Yekun qiymətləndirmə və davamlılıq mərhələsi

Layihənin icrası zamanı sosial işçilər tərəfindən mütəmadi monitorinq aparılmalı və nəticələr müəyyən edilmiş göstəricilər əsasında qiymətləndirilməlidir. Monitorinq zamanı xidmətə cəlb edilmiş benefisiarların, sosial-psixoloji reabilitasiyaya cəlb edilmiş zorakılıq törədən şəxslərin, ailələrlə keçirilmiş görüş və tədbirlərin sayı, benefisiarların sosial və psixoloji vəziyyətində, sosial əlaqələrində və müstəqil həyata hazırlıq səviyyəsində baş vermiş müsbət dəyişikliklər, habelə zorakılıq törədən şəxslərin davranışlarında müşahidə olunan müsbət dəyişikliklər nəzərə alınmalıdır.
 

V. Eşitmə məhdudiyyəti olan şəxslər üçün idman oyunları vasitəsilə inklüzivliyin təmin olunması
Bu istiqamət üzrə dövlət sifarişi məbləğinin yuxarı həddi 205 000 (iki yüz beş min) manatdır.
 

TƏLƏBLƏR:
 

1. Layihənin əhatə dairəsi

• Layihə çərçivəsində ən azı 90 nəfər benefisiara xidmət göstərilməli, ölkədaxilində və ölkəxaricində keçirilən təlim-məşq toplanışları və beynəlxalq idman yarışları əhatə olunmalıdır.
• İcra müddəti: Layihə 31.12.2026-cı ilə qədər davam etməlidir.
 

2. Minimum işçi heyəti

Layihənin həyata keçirilməsi üçün aşağıdakı istiqamətlər üzrə işçi heyəti nəzərdə tutulmalıdır:
• Layihə üzrə ölkədaxili və ölkəxarici fəaliyyətlərin planlaşdırılması, beynəlxalq tərəfdaşlarla əlaqələrin qurulması və işlərin keyfiyyətinə nəzarət olunması;
• Logistik xidmətlərin təşkili və gündəlik sənədləşmə işlərinin həyata keçirilməsi;
• Eşitmə məhdudiyyəti olan şəxslərlə vizual xüsusi təlim metodları (jestlər, bayraqlar, işıq siqnalları) vasitəsilə fərdi və qrup məşqlərinin təşkil edilməsi;
• Peşəkar surdo-tərcüməçi vasitəsilə məşqçilər, təşkilatçılar və eşitmə məhdudiyyəti olan iştirakçılar arasında tam və doğru ünsiyyətin (təlimlər, brifinqlər və yarışlar zamanı) təmin edilməsi;
• İştirakçıların motivasiyasını artırmaq, komanda ruhunu formalaşdırmaq məqsədilə sosial-psixoloji işin təşkil edilməsi;
• Yarış və məşq zamanı baş verə biləcək zədələnmələrə dərhal tibbi müdaxilə edilməsi;
• Layihənin inklüzivliyi barədə məlumatların kütləvi informasiya vasitələri və sosial media platformalarında işıqlandırılması.
 

3. QHT-yə münasibətdə müsabiqədə iştirak üçün müvafiq sahə üzrə zəruri tələblər

• AR Gənclər və İdman Nazirliyinin akkreditasiyasından keçmiş idman federasiyaları ilə sıx əməkdaşlıq etməlidir;
• Beynəlxalq idman təşkilatlarının üzvü olmalıdır;
• Beynəlxalq idman yarışlarında iştirak təcrübəsi olmalıdır;
• Beynəlxalq idman yarışlarına təşkilatçılıq etmə təcrübəsi olmalıdır;
• Görüləcək işlərin xüsusiyyətinə uyğun maddi-texniki bazaya malik olmalıdır;
• İxtisaslaşmış işçi qüvvəsi olmalıdır.
 

4. Görüləcək işlər

• Hədəf kütləsinin (eşitmə məhdudiyyəti olan şəxslərin) qeydiyyatının aparılması və onların idman oyunları üzrə maraqlarının müəyyən edilməsi həyata keçirilməlidir. Məşqçilərə layihə çərçivəsində işarət dili dərsləri keçirilməli və cədvəl əsasında inklüziv idman məşqləri təşkil olunmalıdır.

• Eşitmə məhdudiyyəti olan və digər şəxslərdən ibarət qarışıq komandalar arasında təlim-məşq toplanışları, yoldaşlıq oyunları və yarışlar təşkil olunmalı, iştirakçıların beynəlxalq yarışlarda iştirakı təmin edilməlidir.

• Layihənin gedişatını əks etdirən xəbərlər hazırlanmalı və layihə çərçivəsində həyata keçirilən fəaliyyətlər mediada və sosial şəbəkələrdə ətraflı işıqlandırılmalıdır.
 

5. Gözlənilən nəticələr

• Sosial təcridin aradan qaldırılması: eşitmə məhdudiyyəti olan fərdlərin evdən və ya məhdud sosial mühitdən çıxaraq geniş icmaya qoşulması;
• Fiziki hazırlığın yüksəlməsi: davamlı məşqlər və oyunlar vasitəsilə iştirakçıların motor bacarıqlarının, koordinasiyasının, dözümlülüyünün və ümumi fiziki sağlamlığının yaxşılaşdırılması;
• Peşəkar inkişafın dəstəklənməsi: layihə çərçivəsində istedadı ilə seçilən şəxslərin gələcəkdə milli və ya beynəlxalq səviyyəli oyunlara cəlb edilməsi;
• Stereotiplərin aradan qaldırılması: cəmiyyətdə eşitmə məhdudiyyəti olan şəxslərin potensialına dair olan yanlış və məhdudlaşdırıcı baxışların dəyişməsi;
• Alternativ ünsiyyət formalarının inkişafı: jestlər, vizual siqnallar və bədən dili vasitəsilə eşitmə məhdudiyyəti olan şəxslər arasında maneəsiz ünsiyyətin qurulması.
 

VI. Paralel idman: maneəsiz inteqrasiya platforması

Bu istiqamət üzrə dövlət sifarişi məbləğinin yuxarı həddi 105 000 (yüz beş min) manatdır.
 

TƏLƏBLƏR:
 

1. Layihənin əhatə dairəsi

• Layihə çərçivəsində hərəkət məhdudiyyətli əlilliyi olan ən azı 95 nəfər benefisiara xidmət göstərilməlidir.
• İcra müddəti: Layihə 31.12.2026-cı ilə qədər davam etməlidir.
• Layihə çərçivəsində ölkədaxilində və ölkəxaricində keçirilən təlim-məşq toplanışları və beynəlxalq idman yarışları əhatə olunmalıdır.
 

2. Minimum işçi heyəti

Layihənin həyata keçirilməsi üçün aşağıdakı istiqamətlər üzrə işçi heyəti nəzərdə tutulmalıdır:
• Layihə üzrə ölkədaxili və ölkəxarici fəaliyyətlərin planlaşdırılması, beynəlxalq tərəfdaşlarla əlaqələrin qurulması və işlərin keyfiyyətinə nəzarət olunması;
• Logistik xidmətlərin təşkili və gündəlik sənədləşmə işlərinin həyata keçirilməsi;
• Hərəkət məhdudiyyətli əlilliyi olan şəxslərlə fərdi və qrup məşqlərinin təşkil edilməsi;
• İştirakçıların motivasiyasını artırmaq, komanda ruhunu formalaşdırmaq məqsədilə sosial-psixoloji işin təşkil edilməsi;
• Yarış və məşq zamanı baş verə biləcək zədələnmələrə dərhal tibbi müdaxilə edilməsi;
• Layihənin inklüzivliyi barədə məlumatların kütləvi informasiya vasitələri və sosial media platformalarında işıqlandırılması.
 

3. QHT-yə münasibətdə müsabiqədə iştirak üçün müvafiq sahə üzrə zəruri tələblər

• AR Gənclər və İdman Nazirliyinin akkreditasiyasından keçmiş idman federasiyaları ilə sıx əməkdaşlıq etməlidir;
• Beynəlxalq idman təşkilatlarının üzvü olmalıdır;
• Beynəlxalq idman yarışlarında iştirak təcrübəsi olmalıdır;
• Beynəlxalq idman yarışlarına təşkilatçılıq etmə təcrübəsi olmalıdır;
• Görüləcək işlərin xüsusiyyətinə uyğun maddi-texniki bazaya malik olmalıdır;
• İxtisaslaşmış işçi qüvvəsi olmalıdır.
 

4. Görüləcək işlər

• Layihə rəhbəri ümumi koordinasiyanı, ölkədaxili və beynəlxalq fəaliyyətlərin planlaşdırılmasını, beynəlxalq tərəfdaşlarla əlaqələrin qurulmasını və işlərin keyfiyyətinə nəzarəti təmin etməlidir.

• Hədəf qrup müəyyənləşdirilməli, iştirakçılar idman növləri üzrə qruplaşdırılmalı, məşqçi-müəllimlər üçün adaptiv fiziki tərbiyə üzrə təlimlər və inklüziv idman məşqləri təşkil edilməlidir.

• Hərəkət məhdudiyyəti olan əlilliyi olan şəxslər üçün təlim-məşq toplanışları, yoldaşlıq oyunları və ölkədaxili yarışlar keçirilməli, seçilmiş idmançıların beynəlxalq turnirlərdə iştirakı təmin edilməlidir.

• İştirakçıların motivasiyası və komanda ruhunun artırılması üçün sosial-psixoloji iş, məşq və yarışlar zamanı tibbi və logistik dəstək təşkil edilməlidir.

• Layihənin inklüzivliyi və fəaliyyəti barədə məlumatların media və sosial media platformalarında işıqlandırılması təmin edilməlidir.
 

5. Gözlənilən nəticələr

• İştirakçılar arasında ünsiyyət mühitinin yaranması, sosial təcridin və psixoloji sədlərin azalması;
• Hədəf qrupunun müntəzəm fiziki fəallığa cəlb olunması nəticəsində ümumi sağlamlığın və həyat keyfiyyətinin yaxşılaşması;
• İdman vasitəsilə fiziki reabilitasiya prosesinin dəstəklənməsi və hərəkət qabiliyyətinin qorunması;
• Layihə çərçivəsində xüsusi idman istedadı və potensialı ilə seçilən hərəkət məhdudiyyəti olan əlilliyi olan şəxslərin milli və ya beynəlxalq səviyyəli paralimpik oyunlara cəlb edilməsi;
• İdman mühitində inklüzivliyin təşviq edilməsi;
• İdman mütəxəssislərinin peşəkar bacarıqlarının artırılması.

Aşağıdakı layihələr müsabiqəyə buraxılmır:

• Nizamnamə məqsədlərinə uyğun layihə təqdim etməyən QHT layihələri;
• 2026-cı il üzrə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin qrant müsabiqələrinin qalibləri olan QHT-lərin layihələri.
 

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2026-cı il 22 iyun tarixli 188 nömrəli Qərarı ilə təsdiq edilmiş Qaydaya müvafiq olaraq, müsabiqə üçün tələb olunan sənədlər:

• layihə təklifi (məntiqi çərçivə sənədi daxil olmaqla);
• layihənin icra planı;
• layihənin xərclər smetası;
• layihənin büdcəsinin maliyyə əsaslandırılması;
• QHT-nin nizamnaməsi, qeydiyyat şəhadətnaməsi və hüquqi şəxslərin dövlət reyestrindən çıxarışının surəti;
• QHT-nin vergi uçotu haqqında şəhadətnaməsinin surəti;
• QHT-nin səlahiyyətli nümayəndəsinin şəxsiyyətini təsdiq edən sənədin surəti;
• maliyyə vəsaitinin köçürüləcəyi QHT-nin bank hesabı barədə məlumatlar;
• müsabiqəyə layihə təqdim edən QHT-nin son 3 (üç) il ərzində fəaliyyəti, həyata keçirdiyi layihələr, habelə proqramlar barədə azı 10 (on) fərqli məzmunda informasiyanın media subyektlərində yayılmasını təsdiq edən sənəd.
 

Texniki tələblər:

• QHT-lər layihə təkliflərini QHT Agentliyinin saytında xüsusi bölmə vasitəsilə elektron qaydada təqdim edir (müvafiq bölmə 2026-cı il oktyabrın 20-dən noyabrın 10-dək QHT Agentliyin elektron xidmətlər portalında (e-ərizə bölməsi) aktiv olacaq);

• Şəxsən, poçtla və ya e-poçt vasitəsilə təqdim olunan layihə təkliflərinə dair sənədlər qəbul olunmur.
 

Əlaqə vasitələri:
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi, Yasamal rayonu, Hüseyn Cavid prospekti, 520-ci məhəllə, ev 20.
office@ngoagency.gov.az