2026-cı il iyunun 20-də Azərbaycan Pediatriya Cəmiyyəti Naxçıvanda III “Müasir Pediatriyanın İşığında” adlı konfrans keçirilib. İctimai Birliyin sədri Əli Quliyev bildirib ki, layihənin məqsədi regionlarda uşaqların sağlamlığının qorunmasına, keyfiyyətli tibbi xidmətlərə çıxış imkanlarının genişlənməsinə və cəmiyyətin tibbi maarifləndirilməsinə töhfə verməkdir. Naxçıvan MR səhiyyə nazirinin müavini, nazir vəzifələrini müvəqqəti icra edən Rəşadət Nabatov, Azərbaycan Respublikası Pediatriya Mərkəzinin direktoru Erkin Rəhimov və digərləri prioritetlər barədə fikirlərini bölüşüblər.
Konfrans çərçivəsində pediatr Mehriban Hüseynova "Limfadenopatiyalara yanaşma", dos. Nigar Bayramova "Öskürən uşağa necə yanaşmalı?", dos. Sənubər Vəliyeva "Süni qidalanan körpələrdə formula seçimi", pediatr Telman Aytayev "Qaraciyərə təsir edən metabolik xəstəliklər", pediatr Nərmin Hacıyeva "Yenidoğulmuş və erkən uşaqlıq dövründə qidalanmanın körpə sağlamlığındakı rolu: uşaqları piylənmədən necə qoruyaq?", uşaq reanimatoloqu Güner Özçelik "Sepsis: yeni protokollar nə deyir?", pediatr Altay Abdullaoğlu "Yüksək hərarətli uşaq: nələrə diqqət etməliyik?", pediatr Samirə Hüseynova "Uşaqlarda piylənmə" mövzularında məruzələrlə çıxış ediblər.
Layihə çərçivəsində iyunun 21-də İctimai Birlik tərəfindən Əziz Əliyev adına Naxçıvan Muxtar Respublikası Mərkəzi Uşaq Xəstəxanasında uşaqlar üçün ödənişsiz tibbi müayinə aksiyası təşkil olunub. Aksiya çərçivəsində ümumilikdə 146 nəfər uşaq müayinə olunub.
Layihə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin donorluğu, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin tərəfdaşlığı ilə icra olunub.






































