“Bioloji Müxtəliflik Mərkəzi” İctimai Birliyi “Regionlarda yırtıcı və zəhərli heyvanlardan qorunma” lahiyəsinin icrasına başlayıb.
2026-cı il iyunun 6-da Ağdam şəhərində tikinti şirkətinin işçiləri, iyunun 7-də isə Xıdırlı kəndinin sakinləri ilə layihə çərçivəsində maarifləndirici görüşlər keçirilib. İctimai Birliyin sədri Təvəkkül İsgəndərov bildirib ki, layihənin məqsədi əhalini heyvanat aləmi, o cümlədən yırtıcı və zəhərli heyvan növləri barədə məlumatlandırmaq, təhlükəli heyvanlardan qorunma tədbirləri ilə bağlı təlimatlandırmaqdır.
Görüşlərdə insan həyatı və sağlamlığı üçün təhlükə yaradan yırtıcı heyvanlar, zəhərli həşəratlar, onların törədə biləcəyi fəsadlar, eləcə də onlardan qorunma yolları haqqında ətraflı məlumat verilib.
Qeyd edək ki, layihə çərçivəsində növbəti tədbirlərin Kəlbəcər, Şamaxı, Quba rayonları və Bakı şəhərində keçirilməsi planlaşdırılır.
Layihənin donoru Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyidir.










