Azərbaycanın Gənclərin Sosial-İqtisadi İnkişafına Yardım İctimai Birliyi “Türk dünyasında mənəvi dirçəliş və informasiya təhlükəsizliyi” layihəsinin icrasını davam edir.
2026-cı il iyulun 8-də layihə çərçivəsində Özbəkistanın paytaxtı Daşkənd şəhərində “Türk dünyasında mənəvi dirçəliş və informasiya təhlükəsizliyi” mövzusunda beynəlxalq forum keçirilib. Forum Özbəkistan Prezident Administrasiyasının Kontent Mərkəzində təşkil olunub. İctimai Birliyin icraçı direktoru Əfsələddin Ağalarov bildirib ki, forumun əsas tərəfdaşı Özbəkistan Jurnalistlər İttifaqıdır, məqsəd təcrübə mübadiləsinin genişləndirilməsi və “deepfake” texnologiyalarına qarşı mübarizədə ortaq fəaliyyət istiqamətlərini, eləcə də vahid yol xəritəsini müəyyənləşdirməkdir.
Tədbirdə Azərbaycan, Özbəkistan, Türkiyə, Qazaxıstan, Qırğızıstan və Türkmənistandan vətəndaş cəmiyyəti təmsilçiləri, tədqiqatçılar iştirak ediblər. Müzakirələrdə Özbəkistan və Azərbaycan mediası arasında formalaşmış əməkdaşlıq münasibətlərindən, dezinformasiyaya qarşı mübarizə, rəsmi məlumatların operativ şəkildə ictimaiyyətə çatdırılması, sosial medianın artan təsiri, süni intellekt vasitəsilə yaradılan məzmunun doğurduğu çağırışlar və informasiyanın dəqiqliyinin yoxlanılmasının əhəmiyyəti vurğulanıb. Mövzu ilə bağlı təkliflər səsləndirilib, suallar cavablandırılıb.
Layihənin donoru Azərbaycanın QHT Agentliyidir.






















