“Aktor” İctimai və Sosial Tədqiqatlar İctimai Birliyi “İdman narkotiklərə qarşı: sağlam həyatı seç!” layihəsinin icrasını davam etdirir.
2026-cı il iyulun 5-də layihə çərçivəsində Bakı şəhərinin Bakıxanov qəsəbəsi ərazisindəki idman meydançasında futbol yarışı keçirilib. İctimai Birliyin təmsilçisi Telman Məmmədov bildirib ki, layihənin hədəfi yeniyetmə və gənclər arasında sağlam həyat tərzinin təbliği, idmanın həyatımızdakı rolunun ön plana çəkilməsi, narkotikin fəsadları barədə ictimai məlumatlılığın artırılmasıdır.
Tədbirdə vətəndaş cəmiyyəti nümayəndələri, millət vəkilləri, psixoloqlar, idman ictimaiyyətinin təmsilçiləri, müəllimlər, yeniyetmə və gənclər iştirak ediblər.
Çıxışlarda gənclərin idmana cəlb edilməsinin onların fiziki və mənəvi inkişafına, sağlam və vətənpərvər nəslin formalaşmasına verdiyi töhfədən bəhs olunub. Narkotik asılılığının psixoloji və sosial səbəbləri, yeniyetmələrin risk qruplarına düşməsinin qarşısının alınması yolları, ailədaxili münasibətlərin və psixoloji dəstəyin əhəmiyyəti vurğulanıb.
Çıxışlardan sonra tədbir iştirakçıları arasında rəmzi futbol yarışı keçirilib. Yarışın sonunda qalib komanda və fəal iştirakçılar sertifikatlarla təltif olunublar.
Layihənin donoru Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyidir.






















