“Əbədi Turan” Kitab Fondu İctimai Birliyi türkman şairlərinin Azərbaycana həsr olunmuş əsərlərindən ibarət antologiyanı nəşrə hazırlayır. Layihənin rəhbəri, “Əbədi Turan” Kitab Fondunun sədri, filoloq-alim Esmira Fuad bildirib ki, "Kərkük-Bakı arası bir incə yol olaydım" adlı antologiyada ümumilikdə 21 şairin yaradıcılığından nümunələr toplanıb: “Kitabın adı da bu şeirlərin misralarından götürülüb. Topluda yer alan 15 Türkmaneli şairinin əsərləri Azərbaycanda ilk dəfə nəşr olunacaq. Antologiya Azərbaycan və türkman ədəbi əlaqələrinin inkişafına xidmət etməklə yanaşı, Türk dünyasında mədəni birliyin güclənməsinə də mühüm töhfə olacaq”.
Antologiyada Türkmanelində yaşayan tanınmış şairlərin — Fatih Saatçı, Mustafa Ziya, Həmzə Salih Hamamcıoğlu, Suphi Saatçı, Əli Yağmuroğlu, Faruk Faiq Köprülü, Sabir Dəmirçi, Fövzi Əkrəm Tərzioğlu, Bürhan Bərzinçi, Rza Çolakoğlu, Adnan Kasaboğlu, Sabah Qaraltun, Sabah Kərküklü, Kamal Bayatlı, Həsən Bərbəroğlu, Samir Kahyaoğlu, Şəmsəddin Kuzəçi, Əmir Kərküklü və Əli Çolakoğlunun xoyratları, Azərbaycana həsr etdikləri poemalar, “Azərbaycan dastanları” və müxtəlif şeirlərindən seçmələr təqdim olunacaq.
Antologiyaya daxil edilən nümunələr Türkmaneli ədəbiyyatının ideya-məzmun xüsusiyyətlərini, bədii-estetik dəyərini və sənətkarlıq xüsusiyyətlərini izləmək, araşdırmaq və dəyərləndirmək baxımından mühüm mənbə hesab olunur. Nəşr geniş oxucu auditoriyası üçün nəzərdə tutulub.
Layihənin donoru Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyidir, bu layihə 2026-cı il üzrə qrant müsabiqəsinin qalibidir.