2026-cı il iyunun 7-də İstanbulda "Zero Waste Forum" çərçivəsində keçirilən “Woman Leading The Zero Waste Movement” tədbirində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin İdarə Heyətinin sədri Aygün Əliyeva çıxış edib.
Tədbirdə davamlı inkişaf, ətraf mühitin qorunması, tullantıların azaldılması və “sıfır tullantı” yanaşmasının təşviqində qadınların rolu ilə bağlı müzakirələr aparılıb. Aygün Əliyeva çıxışında vətəndaş cəmiyyəti institutlarının ekoloji təşəbbüslərin həyata keçirilməsində, ictimai maarifləndirmənin gücləndirilməsində və dayanıqlı həyat tərzinin təşviqində əhəmiyyətli rol oynadığını vurğulayıb.
Tədbirdə eyni zamanda Türkiyə Respublikasının Ailə və sosial xidmətlər naziri Mahinur Özdemir Göktaş, millət vəkili Tuğba Işık Ercan sıfır tullantı hərəkatının genişləndirilməsi, ekoloji məsuliyyətin artırılması və qadın liderliyinin bu sahədə önəmi barədə fikirlərini bölüşüblər.
“Woman Leading The Zero Waste Movement” müxtəlif ölkələrdən nümayəndələri, dövlət qurumlarının təmsilçilərini, ekspertləri və vətəndaş cəmiyyəti nümayəndələrini bir araya gətirərək ekoloji dayanıqlılıq və qadın liderliyinin təşviqi istiqamətində fikir mübadiləsi üçün platforma rolunu oynayıb.