2026-cı il mayın 19-da “WUF13 Urban Expo”dakı QHT Agentliyinin pavilyonunda Əlilliyi olan Şəxslərin Təşkilatları İttifaqı “İnklüziv şəhərlər alyansı” layihəsi çərçivəsində “Şəhərlər hamı üçün – heç kim kənarda qalmasın” mövzusunda tədbir keçirib.
“Universal dizayn və inklüzivlik: WUF çərçivəsində müyəssərlik, əlilliyi olan şəxslərin və onların təşkilatlarının iştirakı, beynəlxalq əməkdaşlıq perspektivləri” mövzusunda panel sessiyasında spikerlər qismində Cibutinin Milli Əlilliyi olan Şəxslər Agentliyinin Beynəlxalq əlaqələr departamentinin rəhbəri Abdillahi Ali, millət vəkili, AMQF-nin İdarə Heyətinin üzvü Pərvanə Vəliyeva, AR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Şəhərsalma və ərazilərin inkişafı şöbəsinin müdir müavini Şahnaz Bədəlova, İordaniya Senatının üzvü və “I am Human” Əlilliyi olan Şəxslərin Hüquqları Cəmiyyətinin sədri Asia Abdel Yaghi, Tacikistan Əlilliyi olan Şəxslər Milli Komitəsinin rəhbəri Asadullo Zikrikhudoev, Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin Risk təhsili və mina qurbanları ilə iş şöbəsinin müdiri Ramil Əzizov çıxışlar edib.
GSNP Baş katibinin Sakit okean hövzəsi üzrə müavini, Filippin Təhsil Teatrları Assosiasiyasının (PETA) təsisçisi Cecile Guidote-Alvarez müzakirələrə hibrid əsasda videobağlantı vasitəsilə qoşulub.
Tədbir çərçivəsində həmçinin Əlilliyi olan Şəxslərin Təşkilatları İttifaqının müyəssərlik sahəsində həyata keçirdiyi fəaliyyətləri əks etdirən materiallar və əlilliyi olan şəxslərin rəsm əsərlərindən ibarət sərgi nümayiş etdirilib.