“Urbanizasiyada ASAN modeli: dövlət xidmətlərinin və könüllülüyün rolu” mövzusunda ictimai müzakirə keçirilib
2026-cı il mayın 19-da “WUF13 Urban Expo”dakı QHT Agentliyinin pavilyonunda “ASAN Könüllüləri” Təşkilatı “Urbanizasiyada ASAN modeli: dövlət xidmətlərinin və könüllülüyün rolu” mövzusunda ictimai müzakirə keçirib.
BMT Könüllüləri Proqramının Avropa və Mərkəzi Asiya üzrə regional əlaqələndiricisi Zarina Mirabdullayeva, “ASAN müraciət” ilə iş sektorunun müdiri Əsli İbrahimli və “ASAN Könüllüləri” Təşkilatının sədri Aysiman Quliyeva urbanizasiya şəraitində innovativ dövlət xidmətlərinin rolu, rəqəmsal həllərin tətbiqi, gənclərin könüllülük fəaliyyətinə cəlb olunması və inklüziv şəhər mühitinin formalaşdırılması istiqamətində fikirlərini bölüşüblər.
Panel zamanı urbanizasiya dövründə dövlət xidmətlərinə əlçatanlığın artırılması, könüllülüyün cəmiyyətin inkişafındakı rolu, inklüziv şəhər yanaşmaları, “ASAN xidmət” modelinin sosial təsiri və "ASAN xidmət" ekosistemi çərçivəsində infrastruktur yönümlü siyasətə dəstək olan "ASAN müraciət" informasiya sistemi haqqında müzakirələr aparılıb.
Sonra iştirakçılar üçün “Bakı memarlığı və Azərbaycanda şəhərsalma” mövzusuna həsr olunmuş interaktiv hissə təşkil olunub. Bu çərçivədə paytaxtın memarlıq irsi, şəhərsalma ənənələri, müasir urbanizasiya prosesləri və Azərbaycanda şəhərsalma sahəsində həyata keçirilən layihələrlə bağlı təqdimatlar edilib.