Qərbi Azərbaycan İcmasında Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Qərbi Azərbaycan məsələsi ilə bağlı qrant müsabiqəsinin qalibi olan QHT rəhbərləri ilə görüş keçirilib.
Görüşdə çıxış edən Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli bildirib ki, 24 dekabr 2022-ci ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Qərbi Azərbaycan İcmasında bir qrup ziyalı ilə görüşündə Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının yol xəritəsini cızdı. Qayıdış Konsepsiyası Qərbi Azərbaycan İcması tərəfindən hazırlanıb, təsdiq edildikdən qısa müddət sonra Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi Qərbi Azərbaycanla bağlı qrant müsabiqəsi elan etdi. İcma sədri bildirdi ki, qrant müsabiqəsində qalib gəlmiş Qeyri-Hökümət Təşkilatlarının nümayəndələri ilə bügünki görüşdə Qərbi Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında QHT-lərin fəaliyyətinin, qrant layihələrinin icrasında Qərbi Azərbaycan İcmasının roluna dair müzakirələrin aparılması prioritet məsələdir.
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Qərbi Azərbaycan İcmasının ofisinin açılışındakı nitqi bütün Azərbaycan xalqını qədim torpaqlarımıza qayıdışla bağlı ümidləndirmiş və hər kəsdə o böyük günə inam yaranmışdır. Bu gün qalib Azərbaycan xalqının Qərbi Azərbaycana qayıdışı əsas hədəflərdən biridir. A.Əliyeva qeyd etdi ki, bu görüş Agentliyin nümayəndə heyətinin Qərbi Azərbaycan İcmasında İcma rəhbərliyi ilə ikinci görüşüdür. İcraçı direktor bildirdi ki, Qərbi Azərbaycanla bağlı qrant müsabiqəsinə 134 layihə təqdim edilib və müstəqil ekspertlərin və Müşahidə Şurasının qərarı ilə 24 layihə qalib elan edilib. Qalib layihələrə Agentlik tərəfindən ümumilikdə 485 min 500 manat vəsait ayrılıb. Aygun Əliyeva qalib gəlmiş layihələrə Qərbi Azərbaycan İcması tərəfindən metodiki dəstək göstərilməsi təşəbbüsünün layihələrin uğurlu nəticələnməsində əhəmiyyətli olacağını vurğuladı.
Müzakirələrdə Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Mirzəyev, "Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi" İctimai Birliyinin sədri İlham İsmayılov, Sosial Strateji Tədqiqatlar və Analitik Araşdırmalar İctimai Birliyinin sədri İlqar Hüseynli, "Əlil Qadınlar Cəmiyyəti" İctimai Birliyinin sədri Məhluqə Rəhimova, Azərbaycan Kinematoqrafçılar İttifaqının nümayəndəsi Füzuli Sabiroğlu, Tərəfsiz Jurnalistlər Birliyinin sədri Elşad Eyvazlı və b. çıxış edərək öz fikir və təkliflərini bildirdilər.
Görüşün sonunda Əziz Ələkbərli və Aygün Əliyeva səsləndirilən təklif və fikirlərə münasibət bildirdilər. Daha sonra QHT nümayəndələri Qərbi Azərbaycan İcmasının binası ilə tanış oldular.